2015-11-26

Azərbaycanın Serbiyadakı Səfirliyinin, Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının nümayəndələri Çupriya şəhərində olmuşlar

26 noyabr 2015-ci il tarixində “Serbiya Avropa ritmində” layihəsinin təşkilatçılığı ilə Serbiyanın Çupriya şəhərinin rəhbərliyinin dəvəti əsasında Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, eləcədə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri qeyd olunan şəhərdə səfərdə olmuşlar. Çupriya şəhər Meriyasında keçirilən görüşdə son illər Azərbaycanla Serbiya arasında əməkdaşlığın sürətli inkişafından məmnunluq ifadə edilərək, bu əməkdaşlığın daha da möhkəmləndirilməsində dövlət və hökumət başçıları da daxil olmaqla müxtəlif səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığı qeyd edilmişdir.

Çupriyaya səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri bu şəhərdə inşa edilən sənaye parkını, şəhər muzeyini, serblərin tarixində xüsusi yeri olan Knyaz Lazarın nəşinin qoyulduğu Ravanitsa Monastırını, İstedadlı Musiqiçilər Məktəbini və “Serbiya Avropa ritmində” layihəsi üzrə gələn ilin iyun ayında final konsertinin keçiriləcəyi zalı ziyarət etmişlər.

Arxiv üzrə axtarış