2019-02-28

Serbiyanın nüfuzlu və qədim tarixə malik “Serbiya Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə qərar qəbul etmişdir

2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Nəsimi ili elan edilməsi münasibətilə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi tərəfindən Serbiya Kral Akademiyasına müraciət edilmiş və Azərbaycanın dahi şairinin adının daşıyan medalın təsis edilməsinin nəzərdən keçirilməsini xahiş edilmişdir.

Müraciət əsasında Serbiya Kral Akademiyasında cari ilin 8 və 11 fevral tarixlərində rəyasət heyətinin müşavirəsi keçirilmiş və 20 fevral tarixində Azərbaycanın dahi şairi İmaməddin Nəsimi adına yubiley medalının təsis edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Qərarda həmçinin Serbiyanın dahi yazıçısı, şair, Nobel mükafatçısı İvo Andriçin adına xatirə medalının təsis edilməsi qeyd edilmişdir.

Nəsiminin 650 illiyinə həsr ediləcək yubiley medalı ilə Azərbaycan və Serbiyada öz fəaliyyəti ilə xüsusi fərqlənən yazıçı və şairlərin təltif edilməsi nəzərdə tutulur.

Müşavirədə həmçinin Azərbaycanın Serbiyadakı Səfirliyi və Serbiya Kral Akademiyasının dəstəyi ilə  Azərbaycan Mədəniyyət Mərkəzində Nəsiminin 650 illik yubileyinə həsr edilmiş simpoziumun keçirilməsinə dair təklif müzakirə edilmiş və təklif yekdilliklə qəbul edilmişdir.

Search in archive