2018-12-12

12 dekabr 2018-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, eləcə də burada çalışan azərbaycanlılar iştirak etmişlər. Tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək, görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Anım mərasimində iştirak edən Belqradın “Bayraklı Cami”sinin imamı ümummilli liderin ruhuna dualar oxumuşdur.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət edib, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyublar.

Sonra tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs etmişdir. O, ölkəmizdə milli birlik və Azərbaycançılıq ideyasına söykənən davamlı inkişaf modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirmişdir.

Anım mərasimləri həmçinin AR-in Monteneqro və Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliklərimiz tərəfindən də keçirilmişdir.

01_1

2

3

4

Search in archive