2022-02-25

Xocalı soyqırımı qurbanlarının xatirəsi Serbiyada yad edilib

Fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Belqradın “Milli Muzey”ində dünya və Azərbaycan klassik musiqilərindən ibarət anım konserti təşkil olunub.

Anım konsertində Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, yerli KİV nümayəndələri, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak edib.

Tədbirdə çıxış edən Səfir Kamil Xasiyev Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlər və Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verdi. Ermənilərin tarixboyu Azərbaycana qarşı əsassız ərazi iddialarından və törətdikləri cinayətlərdən bəhs edərək, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğuladı.

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması Ermənistan tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirildiyini qeyd edərək, döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın, 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror taktikasına əl atdığını, Ermənistan bu dəfə müasir növ zirehli texnika, ballistik raket qurğuları və kaset sursatlarından istifadə edərək növbəti dəfə dinc azərbaycanlı  əhalini hədəfə alaraq qətlə yetirdiyini bildirdi. 

Daha sonra iştirakçılar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotoguşə ilə tanış olub.

Səfirlik tərəfindən hazırlanmış, Xocalı soyqırımının səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqraddakı səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.

 

Arxiv üzrə axtarış