2021-08-25

Azərbaycan Respublikasının Serbiyadakı səfiri cənab Kamil Xasiyev etimadnaməsini Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçə təqdim etdi

25 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kamil Xasiyev etimadnaməsini Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçə təqdim etdi.

Prezident A.Vuçiç səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzuladı və AR Prezidenti cənab İlham Əliyevə ən xoş diləklərini çatdırmağı xahiş etdi. O, qeyd etdi ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əsasında qurulmuş münasibətlər ən yüksək səviyyədədir və Azərbaycanın dinamik inkişafı, xüsusilə də iqtisadi inkişaf sahəsindəki uğur və nailiyyətləri  çox heyranedicidir.

Serbiya Respublikasının Prezidenti həmçinin cari ilin 25-27 iyul tarixlərində Serbiya xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfərinin çox məhsuldar keçdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə etdi.

Səfir K. Xasiyev öz növbəsində Prezident A. Vuçiçə xoş və səmimi sözlərinə görə təşəkkür etdi və Azərbaycan Respublikası dost Serbiya Respublikası ilə bütün sahələrdə, o cümlədən iqtisadi, mədəniyyət, təhsil və humanitar sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu vurğuladı. Bununla bağlı Hökumətlərarası Komissiyanın Bakıdakı son iclasının faydalı olduğunu bildirdi.

Görüşün sonunda səfir K. Xasiyev səmimi qəbula görə Prezident A. Vuçiçə bir daha təşəkkür etdi  və salamlarının AR Prezidenti cənab İlham Əliyevə çatdırılacağını bildirdi.      

Daha sonra səfir K.Xasiyev və səfirliyin əməkdaşları Belqradda yerləşən “Taşmaydan” parkına gələrək,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin burada ucaldılmış abidəsini ehtiramla yad etdi, önünə gül dəstələri düzdü.

Daha sonra səfir həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət etdi, hər iki abidənin önünə gül dəstələri qoydu.

 

Arxiv üzrə axtarış