2020-04-13

SERBİYA RESPUBLİKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ !

Hörmətli həmvətənlərimiz, əziz soydaşlarımız,

 

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) dünyanın demək olar ki bütün ölkələrində, o cümlədən Serbiyada sürətlə yayılması müşahidə edilməkdədir. Bu məqsədlə, Koronavirusun yayılmasının qarşısının alınması üçün Serbiya Hökuməti tərəfindən məhdudlaşdırıcı tədbirlər tətbiq olunmuşdur:

 

  1. 15 mart 2020-ci il tarixindən etibarən Serbiya Respublikasında Fövqəladə vəziyyət elan olunmuşdur. Bütün sərhədlər bağlanılıb. Yalnız xüsusi yük daşımalara və öncədən razılaşdırılmış çarter reyslərə icazə verilir.
  2. Komendant saatı ümumi ölkədə saat 17:00-dan 05:00 dək elan olunub. Həftə sonları komendant saatı cümə günü saat 17:00-dan bazar ertəsi saat 05:00-dək müəyyən olunub. 65 yaşdan yuxarı şəxslərə (kəndlərdə 70 yaş) evləri tərk etməyə icazə verilmir.
  3. Təhsil müəssisələrinin (bağça, məktəb, universitet və.s) fəaliyyəti növbəti tədris ilinə qədər dayandırılmışdır.
  4. Bərbər və gözəllik salonları, fitness klubları və idman salonları kimi yaxın fiziki təmasları əhatə edən fəaliyyətlər tamamilə qadağandır.
  5. 2 nəfərdən artıq şəxs bir araya toplaşa bilməz. Karantin qaydalarını pozan şəxslər cərimə və ya həbs edilir. Şəxsi avtomobillərin hərəkətinə qadağa tətbiq edilməyib.

 

Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

 

  • Serbiya dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi (Əlavə məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://covid19.rs/),
  • Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi,
  • Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda aşağıda qeyd olunan nömrələr ilə əlaqə saxlayaraq, təcili tibbi müayinədən keçilməsi:

 

-Serbiya Respublikası Səhiyyə Nazirliyi: 064 8945 235

-Институт за јавно здравље Србије "Др Милан Јовановић Бaтут":   011 2684 566

-COVİD-19 ilə əlaqəli digər suallar üçün: 19 819

 

Serbiyada yaşayan, təhsil alan və ya müvəqqəti olaraq səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ cavablandırılması məqsədilə aşağıdakı "Qaynar xətt" nömrəsi və ya elektron poçt vasitəsi ilə 24/7 əlaqə saxlaya bilərsiniz:

 

Tel: +381 62 189 13 24

E-poçt: azembassyserbia@gmail.com

 

Məlumdur ki, dövlətimiz indiyədək 15.000-ə yaxın vətəndaşımızın xarici ölkələrdən Azərbaycana qayıtması üçün xüsusi çarter reysləri təşkil edib və qayıdan vətəndaşlarımız müvafiq yoxlamadan keçərək karantin rejiminə alınıblar. Bu da bəllidir ki, indiki vəziyyətdə vətəndaşlarımızın ölkəyə qayıtmasını təmin etmək üçün ilk növbədə karantin yerlərinin, xüsusi rejimli xəstəxanaların hazırlığı, onların müvafiq logistika və tibbi personal ilə təmin edilməsi çox önəmlidir. Lakin karantin yerlərinin də məhdud olduğunu nəzərə alaraq vətəndaşlarımızın bu məsələdə anlayış və təmkin göstərməsi çox vacibdir. Odur ki, vətəndaşlarımızdan yaşadıqları və çalışdıqları yerlərdə məsuliyyətli davranmalarını, özünütəcrid qaydalarına riayət etmələrini israrla xahiş edirik.

Dövlətimiz hər zaman öz vətəndaşlarına diqqət, qayğı və dəstək göstərmişdir və bundan sonra da bu dəstəyini əsirgəməyəcəkdir.

 

Ölkəmizdəki vəziyyətə gəldikdə isə, COVID-19 haqqında təsdiqlənmiş ümumi məlumatlar,   dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, xəstəliyin profilaktikası, operativ xəbərlər və.s məlumatlar üçün https://koronavirusinfo.az/az internet portalından istifadə edə bilərsiniz.

 

Əziz həmvətənlərimiz!

 

Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması, həmrəylik və təmkin nümayiş etdirməsi və müəyyən olunan qaydalara əməl olunması artıq dərəcədə xahiş olunur. 

 

Diqqətinizə görə təşəkkür edirəm.

 

Hörmətlə,

 

Azərbaycan Respublikasının

Serbiya Respublikasındakı Səfiri

Eldar Həsənov

 

 

Arxiv üzrə axtarış