2020-02-26

Serbiyada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

26 fevral tarixində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak edib.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotoguşə ilə tanış olub, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbirdə erməni separatçılarının vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları və həyata keçirdikləri cinayətlərdən bəhs edilib, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu vurğulanıb.

Səfirlik tərəfindən hazırlanmış, Xocalı soyqırımının səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.

 

Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.

xocali 20

Arxiv üzrə axtarış