2019-12-12

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Serbiyada anım mərasimi keçirilib

12 dekabr 2019-cu il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Azərbaycanın dostu olan Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Serbiya Kral Akademiyasının prezidenti akademik Draqan Damyanoviç, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin nümayəndələri, eləcə də burada işləyən azərbaycanlılar iştirak etmişlər. Tədbir iştirakçıları “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış "Biz sadəcə uşaqlar idik" abidəsini ziyarət etmiş, hər iki abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.

Sonra tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin, mədəniyyətinin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs etmiş, ulu öndər tərəfindən əsası qoyulan siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. O, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirdi.

Anım mərasimində iştirak edən Serbiya Müftiliyinin nümayəndəsi ümummilli liderin ruhuna dualar oxumuşdur.

IMG_4331

IMG_4333

IMG_4341

IMG_4350

IMG_4354

IMG_4361

Arxiv üzrə axtarış