2019-10-07

Belqradda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan konfrans keçirilib

7 oktyabr 2019-cu il tarixində Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunan “Qoşulmama Hərəkatı-1989-2019-cu illər Belqraddan Bakıya qədər: qeyri-müəyyən dövrlərdə 30 illik transformasiya” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Konfransın əsas məqsədi 2011-ci ildən ölkəmizin də üzv olduğu Qoşulmama Hərəkatının təsisçi prinsiplərini, ideallarını və məqsədlərini, həmçinin 120 dövlətin üzvü olduğu bu mötəbər təşkilatın 30 il ərzində qlobal sülh və təhlükəsizlik, iqtisadi inkişaf və sosial tərəqqinin təşviqinə verdiyi töhfəsini Serbiyada təqdim etmək olmuşdur.

Konfrans Azərbaycanın Serbiyadakı səfirliyinin fəal təşkilati səyləri nəticəsində təşkil edilib.

Konfransda Serbiya Xarici İşlər Nazirliyinin rəsmiləri, dövlət hökumət və parlamentin səlahiyyətli nümayəndələri, elmi-akademik dairələrin təmsilçiləri, Belqradda akkreditə olunmuş diplomatik korpusun üzvləri, xüsusilə QH-yə üzv ölkələrin Səfirləri, Azərbaycanın Serbiyadakı Səfirliyinin kollektivi, yerli mətbuat nümayəndələri, tələbələr və mövzuya maraq göstərən serb vətəndaşları iştirak etmişlər.

Çıxışçılar konfransda Qoşulmama Hərəkatının tarixi və inkişafı, beynəlxalq münasibətlərdə hazırkı rolu və onun qlobal gündəliyin icrasına töhfəsi, həmçinin gələcəyi barədə fikirlər səsləndirib. Soyuq Müharibənin bitməsinə rəğmən Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə unikal rolunun davam etdiyi bildirilib, 1955-ci ildə Bandunq Konfransında qəbul edilmiş 10 Təsis Prinsipinin, o cümlədən bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin aktuallığı xüsusilə vurğulanıb. Eyni zamanda Azərbaycanın sözügedən təşkilata sədrliyi dövründə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, habelə BMT nizamnaməsinə uyğun olaraq ədalətli həllinə, dünyanın sosial iqtisadi inkişafına və dövlətlərin əməkdaşlığına verəcəyi töhfələr haqqında fikir mübadiləsi aparılıb.

İştirakçılara 2019-2022-ci ildə ölkəmizin sözügedən beynəlxalq təşkilata sədrlik edəcəyi və 2019-cu ildə Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının Sammitinə ev sahibliyi barədə məlumat verildi.

Çıxışlar iştirakçılar tərəfindən böyük maraqla dinlənilib, verilmiş suallar ətraflı cavablandırılıb.

NAM 1

NAM 2

NAM 3

NAM 4

NAM 5

 

Arxiv üzrə axtarış