2019-06-20

Serbiyada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamına əsasən, Azərbaycanın Serbiyadakı Səfirliyinin təşəbbüsü və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə 18 iyun tarixində dahi Azərbaycan şairi Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirilib, həmçinin Nəsimi filmi ilk dəfə serb dilində nümayiş edilib.

Tədbirdə Serbiya parlamentinin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, dövlət və hökumət rəsmiləri, deputatlar, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak edib.

19 iyun tarixində isə Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdən və Serbiya tərəfindən bir çox nüfuzlu alim, ziyalı və ədəbiyyatşünasların iştirakı ilə elmi simpozium təşkil edilib. Sözügedən simpoziumda Serbiya Kral Akademiyasının 20 fevral 2019-cu il tarixli qərarı ilə təsis edilmiş “Nəsimi 650 il” yubiley və “İvo Andriç”  medalları təqdim edilib.

Serbiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsində xüsusi rolu ilə seçilən, Azərbaycan Dillər Universitetində Serb dili və mədəniyyəti mərkəzinin, Belqrad Universitetində isə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasının təşəbbüskarı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktoru Teymur Kərimli, Balkan regionu ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin inkişaf etdirilməsinə verdiyi xüsusi töhfələrə görə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas alim, Cəlil Nağıyev, Serb yazıçısı Milorad Paviçin “Xəzər Lüğəti” kitabını Azərbaycan dilinə tərcümə etmiş, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlövsət Ağalarov, Serb antalogiyası və İvo Andriçin şeirlər kitabını Azərbaycan dilinə tərcümə və nəşr etmiş, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Paşa Kərimov və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Lalə Məcidova “İvo Andriç”  medalı ilə təltif edilib.

Eyni zamanda Belqrad Universitetinin filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Zoran Sam, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun sədri Katarina Rakiç, Serbiya Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş, “Smederevo Poeziya Payızı” festivalının təşkilat heyətinin üzvü Vera Xorvat, Serbiya Respublikası Prezidentinin xarici məsələlər üzrə müşaviri Tanya Yoviç və Yuqoslaviyanın Türkiyə, eyni zamanda Azərbaycandakı keçmiş səfiri, yazıçı Darko Tanaskoviç Azərbaycanın tarixi və mədəniyyətinin Serbiyada təbliğ edilməsində əvəzsiz xidmətlərinə görə   “Nəsimi 650 il” yubiley medalı ilə təltif edilib.

Tədbirlərdə çıxış edən Səfir Eldar Həsənov ilk dəfə olaraq Serbiyada Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şeirlərinin serb dilində nəşr edilməsi, elmi simpoziumun təşkil olunması və Nəsimi filminin nümayişindən qürur duyduğunu və belə mədəni, ədəbi  tədbirlərin mədəniyyət sahəsində Azərbaycan və Serbiya arasında əlaqələrinin daha da möhkəmlənməsində öz töhfəsini verəcəyindən əmin olduğunu bildirdi. Dünya ədəbiyyatına və mədəniyyətinə öz töhvələrini vermiş poeziya sənətimizin Nəsimi, Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərlərinin sonrakı dövrlərdə müasir şairlərimizin ilham qaynağı olduğunu, həmçinin serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa Şantiç, Yovan Duçiç, Milan Pakiçin yaradıcılığının da əhəmiyyətli rol oynadığını bildirdi.

Silsilə tədbirlər Serbiya KİV-lərində geniş işıqlandırılıb.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər il ərzində davam etdiriləcək.

1

2_1

3_1

4

5

6

7

8

9_1

10

11

 

Arxiv üzrə axtarış