2019-05-28

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Belqradda qəbul təşkil edilib

Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Hyatt Regency” otelində 28 May - Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə Serbiya parlamentinin sədri xanım Maya Qoykoviç, parlamentinin sədr müavini Vladimir Marinkoviç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak edib.

Tədbirdə Azərbaycan və Serbiyanın dövlət himnləri Serbiya tibb məktəbinin xoru tərəfindən canlı ifa edilib.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 28 Mayın Azərbaycanın dövlətçilik tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edərək, 101 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “İstiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında, tarixdə qurucu ictimai-siyasi xadimlər kimi dərin bir iz buraxmış Məhəmməd Əmin Rəsulzadə,Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli,Əli Mərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digərlərinin də təmsil olunduğu ilk parlament tipli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığından bəhs etdi.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını yaratmağa, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar verməyə, qadınların seçki hüququnun tanınmasına və digər demokratik dəyərləri təsbit etməyə, eyni zamanda bir çox ölkələrlə diplomatik əlaqələr qurmaqla dünya birliyində müstəqil dövlət kimi yerini tutmağa müvəffəq olduğu vurğulandı. Səfir dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm qərarlar qəbul edildiyinə, əməli addımlar atıldığına diqqət yetirərək, bu dövrdə Bakı Dövlət Universitetinin açıldığı, dövlət teatrının təsis edildiyinin mühüm əhəmiyyətini vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını söyləyən Səfir, ötən ilin isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edildiyini bildirdi.

Bu il eyni zamanda Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi olduğunu qeyd edən Səfir bu günün 9 iyul 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yaradılmasına dair qərarın qəbul edilməsi ilə əsaslandırıldığını bildirdi. Bu tarixi fakt əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edildiyi, bu münasibətlə dünyanın mütləq əksər ölkələrində istər diplomatik nümayəndəliklərimiz, istərsə də diaspora təşkilatlarımız tərəfindən təntənəli yubiley tədbirlərinin həyata keçirildiyini bildirdi.

Diplomatik xidmət orqanlarının tarixi haqda məlumat verərkən, o zaman Milli hakimiyyətin möhkəmlənməsi, dövlət strukturları və nizami ordunun yaradılması ilə yanaşı, gənc Azərbaycan hökumətinin qarşısında duran ən vacib diplomatik vəzifə - Birinci Dünya müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər tərəfindən təşkil olunan Paris sülh konfransında iştirak etmək və Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınması olduğu və böyük çətinliklərdən sonra xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında iştirak etmək hüququnu qazandığı qeyd edildi. 1920-ci ilin 11 yanvarında Paris sülh konfransında Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanmasını o dövrdə Azərbaycan diplomatiyasının ən vacib uğuru olduğu vurğulandı.

Səfir əlavə edib: “Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. 1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstan, İran, Türkiyə, Ukrayna və başqa ölkələrdə diplomatik nümayəndəlikləri və baş konsulluqları mövcud idi.

Bu gün Azərbaycan öz milli mənafeyinə uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə sabit münasibətlər və qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmiş və xarici siyasət məqsədlərini daha da təkmilləşdirmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə ölkəmizin milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını özündə ehtiva edib.

Bizim bu gün dünyanın bütün qitələrində diplomatik nümayəndəliklərimiz mövcuddur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Xarici İşlər Nazirliyi strukturunun təsis edilməsi, beynəlxalq ictimaiyyətlə fəal diplomatik işin aparılması ölkəmizin xarici siyasət fəaliyyətinin əsasını qoydu.”

Səfir tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli Azərbaycan torpaqlarının – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verib. Bildirib ki, münaqişə ilə bağlı BMT TŞ-nin qəbil etdiyi dörd qətnamə hələ də yerinə yetirilməyib. Diplomat Ermənistan tərəfinin, həmçinin ATƏT, AŞ və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qətnamə və sənədlərinə məhəl qoymadığını, lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında – ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına inandığını bildirib.

E.Həsənov tədbir iştirakçılarına Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı barədə məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin səfərləri, müxtəlif yüksək səviyyəli töədbirlərdə həyata keçirilən görüşlərinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Qəbulda Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, əldə olunan uğurları, ev sahibliyi etdiyi dünya əhəmiyyətli tədbirləri özündə əks etdirən film nümayiş olunub.

Tədbirdə həmçinin Azərbaycanın diplomatiya tarixini əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

İştirakçılara, həmçinin Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də görkəmli ədiblərimizin serb dilinə tərcümə edilmiş əsərləri hədiyyə edilib.

Tədbir Serbiya KİV-lərində geniş işıqlandırılıb.

28 May 1

28 M 2

28 M3

28M4

28M5

28M6

Arxiv üzrə axtarış