2018-09-18

Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi münasibəti ilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə anım mərasimi keçirilmişdir

2018-ci ilin 18 sentyabr tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi münasibəti ilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə anım mərasimi keçirilmişdir.


Tədbirdə Serbiya ictimaiyyətinin, Novi Sad şəhər meriyasının nümayəndələri, Serbiya Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının təmsilçiləri, təhsil alan azərbaycanlılar və Səfirliyimizin əməkdaşları iştirak etmişlər.


Tədbirin əvvəlində iştirakçılar tərəfindən dahi bəstəkarın ruhu bir dəqiqəlik sükutla yad edilmiş, büstü önünə əklil qoyulmuşdur.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin müşaviri Mahir Cəfərov Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş məlumat vermiş, onun mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutduğunu bildirmişdir.


M.Cəfərov Şərqdə ilk operettanın yaranmasının da məhz Üzeyir bəyin adı ilə bağlı olmasını, onun 300-dən çox xalq mahnısını toplayıb notlaşdırmasını vurğulamış eləcə də marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazmasını, habelə Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycanın dövlət himninin musiqisinin ona məxsus olduğunu diqqətə çatdırmışdır.


Dahi bəstəkarın həyatını, yaradıcılığını əks etdirən buklet və broşürlər Novi Sad İncəsənət Akademiyasına və Belqrad Universitetinin musiqi fakültəsinə təqdim olunmuşdur.

Novi Sad

Arxiv üzrə axtarış