2018-05-08

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi

2018-ci ilin 8 may tarixində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiyadakı səfirliyində tədbir keçirilib.

Tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiya Parlamentindəki Azərbaycanla dostluq qrupunun üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, Ermənistanın ölkəmizə qarşı təcavüzü və əzəli və tarixi torpaqlarımız olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonumuzun, eləcə də Şuşa şəhərinin işğalından bəhs edib. İşğala qədər Şuşada 20579 insan yaşadığını, onların 19 036 nəfərinin azərbaycanlılardan (92.5%) və 1 377 nəfəri (6.7%) isə ermənilər olduğunu qeyd edərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdikləri vandalizm və vəhşilikləri Şuşa şəhərinin işğalı zamanı da təkrarladıqlarını söyləyib. Səfir Şuşa şəhərindən azərbaycanlıların izini silmək üçün Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırmasından, girov götürməsindən, işgəncələrə məruz qoymasından, etnik təmizləmə həyata keçirməsindən, tarixi və mədəni abidələri dağıtmasından danışıb, bu cinayətlərin silahlı münaqişə qanunlarının kobud pozuntusu olduğunu və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilmədiyini bildirib. Səfir bu cinayətlərin Ermənistanın dövlət ideologiyasının ana xəttini təşkil edən njdeizmin məntiqi nəticəsi olduğunu vurğulayıb, njdeizm nasizmdən ruhlanaraq yaranması, erməni irqinə “sədaqət”i ehtiva edən və azərbaycanlılara qarşı açıq nifrət bəsləyən tseqakronutyun ideologiyasının davamı olması barədə məlumat verib.

Şuşa şəhərinin tarixən azərbaycanlıların yaşayış məskəni, Azərbaycanın mədəni və elm mərkəzlərindən biri olduğunu vurğulayan səfir, Şuşanı işğal etməklə, etnik təmizləməyə məruz qoymaqla və azərbaycanlıların bu ərazidə mədəni irsini dağıtmaqla Ermənistanın qəsdən Dağlıq Qarabağ regionunun iki icmalı xüsusiyyətini məhv etmək niyyəti güddüyünü bildirib. O, 9 may tarixinin dünyada faşizm üzərində qələbə kimi qeyd olunduğu bir halda, Şuşanın işğalı ilə bağlı Ermənistanın“şənliklər” təşkil etməsini onun sülh barədə düşünməməsinin göstəricisi kimi dəyərləndirib.

Ermənistan silahlı qüvvələrinin Şuşaya hücumunun və şəhərin işğalını Tehranda Ermənistan və Azərbaycanın o zamankı rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirdiyini qeyd edən diplomat, işğaldan 26 il ötməsinə baxmayaraq Ermənistanın rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan uyğunsuzluğun münaqişənin dinc yolla nizamlanmasına əngəl törətdiyini, Ermənistan-Azərbaycan münaqişəsi zonasında gərginliyi artırdığını vurğulayıb.

Şuşa şəhərini, eləcə də Azərbaycanın digər tarixi ərazilərini müvəqqəti işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə, Ermənistan heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcəyini birmənalı qeyd edib.

ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illər ərzində fəaliyyətinin indiyədək nəticəsiz qaldığını təəssüflə vurğulayan səfir, Azərbaycan torpaqlarının işğalına son qoyulması, BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün dünya dövlətlərinin və beynəlxalq ictimaiyyətin rolunun artırılmasının vacibliyini vurğulayıb. Sonra tədbir iştirakçıları Ermənistanın təcavüzü nəticəsində həlak olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Arxiv üzrə axtarış