2018-04-27

Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirildi.

2018-ci ilin 26 aprel tarixində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın birbaşa təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru, doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin və KİV nümayəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç Mərkəzin yaradılmasının ölkələrimiz arasında təşəkkül tapmış yüksək mədəni və humanitar əlaqələrin təzahürü olduğunu və bunun əlaqələrimizin daha da inkişafına xidmət edəcəyini bildirdi.

O, Azərbaycanın Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən təşəkkürlə qarşılandığını qeyd etdi. Həmçinin,  xalqlarımızın mədəniyyətlərinin oxşar olduğunu, Universitetdə təhsil alan tələbələrin Azərbaycan mədəniyyətinə yüksək maraq göstərdiyini və Mərkəzin xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacağını məmnunluqla vurğuladı. O, eyni zamanda may ayında Azərbaycan Dilləri Universitetində də Serb Dili və Mədəniyyəti Mərkəzinin yaradılacağından məmnunluğunu ifadə edərək, Azərbaycan-Serbiya əlaqələrinin örnək hesab edildiyini qeyd etdi.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev öz çıxışında Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi ilə bağlı bu təşəbbüsün təşkilatçılarına, həyata keçirənlərə, tədbir iştirakçılarına ünvanlanan təbrik və təşəkkürü əks olunmuş müraciətini diqqətə çatdırdı. O, Mərkəzin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlərin daha da genişlənəcəyinə, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği və tanıdılmasında mühüm rol oynayacağına əminliyini bildirdi. O, eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda multikulturalizm ənənələrinin, tolerantlığın təşəkkül tapması və etnik azlıqlar arasında qarşılıqlı anlaşmanın təşviq edilməsindən bəhs etdi.

Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç Mərkəzin Məhz Belqrad Universitetində yaradılmasının sevindirici hal olduğunu, onun ölkələrimizin elmi və akademik sahələrdə əməkdaşlığı üçün tarixi bir hadisə kimi yadda qaldığını və Universitetə dəyərli bir hədiyyə olduğunu bildirdi. O, Mərkəzi Universitetin tələbələrinin və bütün Serbiyanın Cənubi Qafqaz və türk mədəniyyəti ilə əyani tanışlığı üçün fürsət kimi dəyərləndirdi.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın mövcud olduğunu bildirdi. Ən önəmlisi isə Azərbaycan və serb xalqlarının yaxınlaşmasının, onlar arasında səmimi, dostluq əlaqələrin günü-gündən yüksəldiyini qeyd etdi.

Səfir Eldar Həsənov müstəqil Azərbaycanın tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin tarixi və mədəni sərvətlərə sahib olmaqla eyni zamanda müasir dəyərləri özündə birləşdirən bir ölkə olduğunu vurğuladı. Məhz bu dəyərlərin dost Serbiyada və Qərbi Balkanlarda təbliği və tanıdılması baxımından Belqrad Universitetində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirərək,  Mərkəzin xalqlarımızın sahib olduğu ortaq dəyərlərin və mədəniyyətin qarşılıqlı səkildə tanıdılması istiqamətində səmərəli və məhsuldar fəaliyyət göstərəcəyinə əmin olduğunu söylədi.

O, tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin ölkələrimizin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcəyini, qarşılıqlı tələbə və təcrübə mübadiləsini zənginləşdirəcəyini vurğuladı.

Mərkəzin rəhbəri Lalə Məcidova çıxış edərək, Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə görə hər iki Universitetin rəhbərliyinə və Azərbaycanın Serbiyadakı Səfirliyinə təşəkkürünü bildirdi. O, Mərkəzin yaradılması istiqamətində görülmüş işlərdən bəhs etdi, onun serb tələbələrinə Azərbaycan dili və xalqımızın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı verəcəyinə ümidvar olduğunu söylədi.

Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalandı.

Tədbir “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda Azərbaycan Dillər Universitetində keçirilmiş beynəlxalq elmi konfransın bölmə iclası ilə davam etdi.

İclasda çıxış edən Serbiya Parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç hazırda yeni texnologiya və ixtiraların baş verdiyi dünyamızda xalqların, insanların rahat və sülhdə yaşaması, anlaşması üçün multikulturalizmin və dözümlülüyün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. O, Serbiyada dözümlülük və multikulturalizmin dahi serb alimi Nikola Teslanın nəzəriyyələrində əks olunduğunu, Azərbaycanda isə ümummilli lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində təşəkkül tapdığını və daha da inkişaf etdiyini söylədi. O, Serbiya və Azərbaycanda müxtəlif etnik azlıqların yaşadıqlarını və onların adətlərinə hər zaman dözümlülük nümayiş etdirildiyini və hörmətlə yanaşıldığını xüsusi vurğuladı.

Belqrad Universitetinin professoru, şərqşünas alim Ema Milkoviç əhalinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğu Azərbaycanda eyni zamanda müxtəlif dinlərə etiqad edən, digər dillərdə danışan etnik azlıqların yaşadığını, onların hüquqlarının hər zaman dövlət tərəfindən təmin edildiyini, bunun ölkə Konstitusiyasında təsbit edildiyini, azlıqların heç bir diskriminasiya ilə üzləşmədiklərini və bunun bir çox dövlətlərə nümunə olduğunu qeyd etdi.   

Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyev öz orijinallığı ilə seçilə serb və Azərbaycan ədəbiyyatları arasında tarixə söykənən böyük mənəvi bağlılığın olduğunu, ədəbiyyat nümunələrinin qarşılıqlı olaraq müxtəlif dillərə tərcümə edilərək dünya oxucularına təqdim olunduğun qeyd etdi. O, hər iki xalqın yazarlarının əsərləri arasında paralellər apararaq, orada multikulturalizm, humanizm və ədalət ideyalarının, xalqların sülh şəraitində birgə yaşayışının əks olunduğunu vurğuladı.

Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov Azərbaycan dövlətinin dəstəyi ilə yaradılmış Mərkəzin xalqlarımızın daha da yaxınlaşmasında, onlar arasındakı mədəni bağlılığın möhkəmlənməsində əhəmiyyətini vurğuladı. O, həmçinin Azərbaycanla Serbiya arasında münasibətlərin bir çox sahələrdə inkişafından, çoxəsrlik tarixə malik mədəniyyəti və adət ənənələrindən bəhs etdi. 

Tədbir çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” hekayələr toplusu kitabının serb dilinə tərcüməsinin təqdimatı da keçirildi.

Belqrad Şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə öz çıxışında 30 ildən artıqdır ki, Serbiyada yaşadığını, ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq etdiyini, mədəni və humanitar sahədə bir çox nailiyyətlərin əldə olunduğunu məmnuniyyətlə bildirdi. O, yaradılmış Mərkəzin xalqların qarşılıqlı olaraq bir-birinin mədəniyyəti ilə tanış olmaq və ondan faydalanmaq üçün əyani fürsət olduğunu bildirdi. O, öz çıxışında Azərbaycan və Serb yazıçılarının 17 dən çox əsərinin hər iki dilə tərcümə edildiyini, bu səpkidə Səfirliyin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırdı.

Daha sonra çıxış edən sənətşünas, professor Flip Feti Dautoviç, şairə Miliça Liliç, tanınmış serb yazıçısı, “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin həyat yoldaşı, yazıçı Yasmina Mihayloviç Yunan mifologiyasının təsiri altında qələmə alınmış bu hekayələr toplusundakı əfsanələşmiş qəhrəmanlara, müasir dövrün insanları arasında sıx bağlanmış münasibətlər məhz Kamal Abdullanın mədəni və dini kimliyini, daxili aləmini anlamaqda bizə köməklik edəcəyini bildirdilər. Çıxışçılar ümumiyyətlə, kitabdakı hekayələr toplusunda bütün hadisələr miflə bir növ dialoqa girməklə, paralel dünya modelini yaratdığını, bədii fəlsəfi dəyərlərin isə bir-birini tamamladığını qeyd etdilər. Müəllifin  bölmələr vasitəsilə oxucunu yeni bir yanaşma, yeni bir dünya ilə tanış etməklə, paralel dünyalar arasında qırılmaz əlaqənin mövcudluğuna inandıra bildiyini vurğuladılar.

Tədbirin sonunda Belqrad Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya, prorektoru Əfqan Abdullayevə, Azərbaycanın Serbiyadakı Səfiri Eldar Həsənova, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadəyə və Mərkəzin yaradılmasında əməyi olmuş digər şəxslərə təşəkkür diplomları təqdim edildi.

Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində “Taşmaydan parkı”nda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyev, görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunan “Biz sadəcə uşaqlar idik” abidəsini, Novı Sad şəhərində Dunay çayı sahilindəki dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünü ziyarət etdi, onların önünə gül-çiçək dəstələri qoydu. Həmçinin, nümayəndə heyəti Səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzini də ziyarət etdi.

 

Arxiv üzrə axtarış