2018-01-22

2018-ci ilin 22 yanvar tarixində Rusiyanın Serbiydakı Səfirliyi nəzdində fəaliyyət göstərən orta məktəbdə “Gənclik, elm və mədəniyyət” mövzusunda illik elmi və praktiki konfrans keçirilmişdir.

Tədbirdə sözügedən məktəbin müxtəlif ölkələrdən olan şagirdləri, region ölkələrindən məsafəli tədris proqramı ilə təhsil alan rusiyalı uşaqlar, Belqrad şəhərindəki “British School” və “French School”un, Serbiyanın orta məktəblərinin 20-dək şagirdi öz ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti və adət ənənələrinə dair təqdimatlarla ingilis dilində çıxış etmişlər.

Konfransda Azərbaycanı sözügedən məktəbin 8-ci sinif şagirdi Məcidli Fidan təmsil etmişdir. F.Məcidli ilk növbədə ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti, incəsənətini, xüsusilə qədim tarixə malik xalçaçılıq sənətini özündə əks etdirən izahlı təqdimatla çıxış etmişdir.

Təqdimatda azərbaycanlı şagird ölkəmizin zəngin tarixi, coğrafiyası, məxsus olduğu iqlim qurşaqları, məhsuldar torpaqları, bitki örtüyü, flora və faunası barədə məlumat verdikdən sonra xalçaçılıq sənətinin əsrlər boyu ölkəmizdə incəsənətin ən yüksək nümunəsi kimi təşəkkül tapdığını, onun üzərində olan rəsmlərin, təsvir və simvolların mənasını izah etməklə, xüsusi çalarlara malik boyalı iplərlə bəzədildiyini, habelə, təsvirlərin xalqımızın milli mənəvi dəyərlərini, malik olduğu mədəni irsi özündə ehtiva etdiyini bildirmişdir.

Azərbaycanda xalçaçılıq sənətinin tarixinə toxunan F.Məcidli Səfəvi hökmdarı Şah İsmayıl Xətainin dövründə bu sənətin daha da inkişaf etdiyini və miniatür xalça məktəbinin geniş vüsət aldığını diqqətə çatdırmış, onun üzərində olan buta təsvirlərinin misilsiz dəyərlərimizin rəmzi olduğunu qeyd etmişdir. O zaman müxtəlif regionlara məxsus xalçaçılıq məktəblərinin geniş yayıldığını ifadə etmişdir.

Eyni zamanda, Azərbaycan xalçalarının dünyanın məhşur muzeylərində də sərgiləndiyini bildirmişdir. Bununla yanaşı, F.Məcidli dünyanın bir çox tanınmış rəssamlarının öz əsərlərində Azərbaycan xalçalarının təsvirlərinə müraciət etdiklərini, habelə bu sənətin xüsusi diqqətlə tədqiq edildiyini vurğulamışdır.

Üzərində olan təsvirlərə görə xalçaların Quba, Şirvan, Qazax Təbriz və Qarabağ növlərinə bölündüyü bildirilmişdir. Azərbaycanlı şagird xüsusilə Təbriz xalçalarının üzərində qartal təsvirlərinin olmasının, xalqımızın tarixin dərinliklərindən süzülüb gələn yüksək qürurundan xəbər verdiyini qeyd etmişdir.

F.Məcidli ölkəmizdə xalçaçılıq sənətinin yaşadılması və inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından bəhs edərək, qədim tarixə malik bu dəyərimizlə əcnəbilərin əyani şəkildə tanış olması məqsədi ilə yüzlərlə xalça növünün nümayiş olunduğu Azərbaycan Xalça Muzeyinin fəaliyyəti göstərdiyini söyləmişdir.

Təqdimat münsiflər heyətinin, iştirakçıların və dinləyicilərin böyük marağına səbəb olmuş, təqdimat 2-ci yerə layiq görülmüş və F.Məcidli diplomla təltif edilmişdir.

 

Arxiv üzrə axtarış