2015-02-26

Xocalı soyqırımı Serbiyada anıldı

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı, 2015-ci ilin 24-26 fevral tarixlərində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən tədbirlər keçirildi.

24 fevral tarixindən başlayaraq Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi tərəfindən hazırlanmış pres-reliz, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı, Azərbaycanın dini icma liderlərinin “Dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə” birgə müraciətləri Serbiyanın dövlət orqanlarına, parlamentlərinə, qeyri-hökumət təşkilatlarına, bu ölkədə fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə və KİV-lərə göndərildi.

26 fevral tarixində anma mərasimi Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyində təşkil olundu. Səfir Eldar Həsənov tədbirdə çıxış edərək, erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları irəli sürərək həyata keçirdikləri cinayətlərdən danışdı. O, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söylədi. Səfir Xocalı soyqırımını törətmiş şəxslərin cəzalandırılmasının labüd olduğunu vurğulayaraq, həmin şəxslərin ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmədə mühakimə olunacaqlarına əminliyini bildirdi.

Həmçinin tədbir iştirakçılarına Serbiya Parlamentinin Konstitusiya və Qanunvericilik Komitəsinin yekdilliklə qəbul etdiyi qərara əsasən 25 fevral 2013-cü il tarixində Serbiya Parlamentinin gündəliyinə “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Qətnamə” layihəsinin daxil edildiyi barədə məlumat verildi. Bu təşəbbüsün Azərbaycan və Serbiya arasında təşəkkül tapmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğu qeyd edildi.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filminə baxdılar və Xocalı soyqırımını əks etdirən fotostend ilə tanış oldular.

Tədbirin yekununda iştirakçılara səfirliyin təşəbbüsü ilə serb dilinə tərcümə olunmuş Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusunun, eləcə də Quram Marxuliya və Şəbnəm Nuriyevanın “Əzabkeş Ermənistan: mif və reallıq” kitabının nüsxələri təqdim edildi.

Arxiv üzrə axtarış