news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2019

Yanvarın 19-da Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.         

Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışılıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun və mövcud rejimin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edilib. Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışılıb. Faciə zamanı 140-dan artıq dinc sakinin qətlə yetirildiyi, 700-dən çox insanın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gedərək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi vurğulanıb, həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyi bildirilib.

Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb.

Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.

20 yanvar 2

20 yanvar 1

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti