Ulu Öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi Belqradın Taşmaydan parkından
Hazırda dünyanın bir çox ölkəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı əbədiləşdirilib, onun adına park və xiyabanlar salınıb, abidələr ucaldılıb. Serbiyanın paytaxtı Belqrad şəhərinin ən gözəl parklarından biri olan Taşmaydan parkında da Ulu Öndər Heydər Əliyevin abidəsi yerləşir. Abidə Taşmaydan parkı 2011-ci il iyunun 8-də yenidənqurmadan sonra istifadəyə verilən zaman Azərbaycan Prezidenti İlham Əliyev və Serbiyanın o vaxtkı Prezidenti Boris Tadiçin iştirakı ilə açılıb.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin Taşmaydan parkında ucaldılması Azərbaycan və Serbiya arasındakı əlaqələrin yüksək səviyyədə olmasına dəlalət etməklə yanaşı, həm də serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir.
Şəhərin mərkəzində, Palilula bələdiyyəsinin ərazisində yerləşən bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Parkda Ulu Öndər Heydər Əliyevlə yanaşı, görkəmli serb yazıçısı Milorad Paviçin heykəli yerləşir. Burada Azərbaycanın və Serbiyanın Dövlət bayraqları ucaldılıb. Parkda, həmçinin 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz, sadəcə, uşaqlar idik” abidəsi də yerləşir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə il ərzində Belqraddakı Dostluq parkının ərazisində 100 çinar ağacı əkilib. “Heydər Əliyev İli” çərçivəsində, həmçinin Azərbaycanın Serbiyadakı səfirliyinin həyətində Ümummilli Liderin büstü ucaldılıb.
2015-ci ildən isə paytaxt Belqradın mərkəzi küçələrinin biri Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin adını daşıyır. Bu küçə ölkəmizin Serbiyadakı səfirliyinin binasına yaxın ərazidə və şəhərin görkəmli hissəsində yerləşir.
Bütün bunlar dost və strateji tərəfdaş Azərbaycan ilə Serbiya arasında yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunələridir.
Taşmaydan parkı
İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədilə Taşmaydan parkının ərazisində yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olub. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilib.
Taşmaydan parkında XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunub. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülüb və burada yaşıllıqlar salınıb. Bu parkla serb xalqını emosional hisslər bağlayır.
Xatırladaq ki, İkinci Dünya müharibəsi zamanı Serbiyanın paytaxtı Belqrad şəhərinin azad olunmasında 223-cü Azərbaycan diviziyası da iştirak edib.
Azərbaycan-Serbiya əlaqələri
İki ölkə arasında strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan- Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur. Strateji tərəfdaşlığa, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin yaxşı perspektivləri var.
Hazırda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Eyni zamanda, Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatası və Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti, Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi var. Azərbaycanın “AzVirt” şirkəti isə Serbiyada yol infrastrukturu layihələri həyata keçirir.