Belqrad şəhərində gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “İkinci addım” adlı fərdi rəsm sərgisi açılmışdır
2 iyul 2015-c il tarixində Belqrad şəhərində burada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “İkinci addım” adlı fərdi rəsm sərgisi açılmışdır. Məşhur serb rəssamı və yazıçısı Cura Yakşiçin ev muzeyində keçirilən sərgidə Ç.Mehbaliyevin realizm, sürrealizm üslubunda çəkilən və müxtəlif mövzuları əhatə edən rəngkarlıq, qrafika əsərləri nümayiş olunmuşdur.
Dörd gün davam edən sərgidə təqdim olunan bəzi rəsmlər ilk dəfədir ki, açıq sərgi salonunda nümayiş olunmuşdur. “Hacı Zeynalabdin Tağıyev şollar su kəmərinin çəkilişində”, “Qarabağdan buket”, “Uzaqlaşan gələcək”, “Uçan xalça” belə rəsmlərdəndir.
Sərginin açılışında Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan azərbaycanlı iş adamları və tələblər, Serbiyanın mədəniyyət və incəsənət xadimləri, ədiblər iştirak etmişlər. Açılış mərasimində Serbiya Milli Teatrının solisti Nataşa Yoviç və onu müşayiət edən musiqiçilərin ifasında “Bugün ayın üçüdür” Azərbaycan xalq mahnısı ifa olunmuşdur.