news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 dekabr 2023

Serbiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə fotosərgi keçirilib

AZƏRTAC-ın təşəbbüsü ilə Belqrad Etnoqrafiya Muzeyində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərginin açılışında Serbiya ictimaiyyətinin və bu ölkədəki diplomatik korpusun nümayəndələri, elm və incəsənət xadimləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və “AzVirt” şirkətinin təmsilçiləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin bərpasında, möhkəmləndirilməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından danışıb.

Diplomat “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dönəmləri, beynəlxalq səviyyədə keçirdiyi görüşləri əks etdirən nadir fotoların nümayiş olunduğunu bildirib.

Kamil Xasiyev görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə göstərdiyi dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirib.

Sərgidə Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın fotoxronikasında saxlanılan 20-dək nadir fotoşəkli sərgilənib.

Fotosərgi Serbiya KİV-lərində geniş işıqlandırılıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti