Serbiyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Azərbaycanın Serbiyadakı səfirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul təşkil edib.
Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev çıxışında 8 Noyabr - Zəfər Gününün ölkəmizin tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, üç il bundan əvvəl noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Şuşa şəhərini işğaldan azad edib və 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunub. Son üç ildə Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərdə böyük yenidənqurma işləri aparılıb. İşğal zamanı Ermənistan tərəfindən tamamilə yerlə-yeksan edilmiş, minalanmış şəhər və kəndlərə yüz minlərlə məcburi köçkünün qayıtmasını təmin etmək üçün yeni yollar, hava limanları, elektrik stansiyaları, yeni infrastruktur, məktəblər, ictimai binalar tikilir. İndiyədək minlərlə azərbaycanlı məcburi köçkün öz doğma yurdlarına qayıdıb. Hərbi işğala son qoyulması Cənubi Qafqazda davamlı sülh, sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar açır.
Səfir strateji tərəfdaşlığa, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Serbiya münasibətlərindən bəhs edərək iki ölkə arasında vizasız gediş-gəliş haqqında sazişin cari il noyabrın 3-də qüvvəyə minməsinin turizmi, işgüzar əlaqələri gücləndirəcəyini vurğulayıb.
Mərasimin bədii hissəsində Zəfər Gününə aid videoçarx nümayiş olunub, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu Yasmina Trumbetaş dünyaşöhrətli müğənni Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib, Azərbaycan klassiklərinin musiqiləri səsləndirilib.
Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.