Səfirliyimizin təşəbbüsü və təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevin serb dilində nəşr edilmiş kitabının Belqrad Universitetində təqdimatı olub
26 oktyabr 2019-cu il tarixində Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə onun yaradıcılığına həsr olunan simpozium və serb dilinə tərcümə olunaraq nəşr edilmiş “İngilis Bulvarı” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Dayanıqlı İnkişaf və Sülh Beynəlxalq Fondunun idarə heyəti, Serbiyanın elmi-akademik dairələrin təmsilçiləri, Belqradda akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycanın Serbiyadakı Səfirliyinin kollektivi, yerli mətbuat nümayəndələri, bu ölkədə yaşayan və çalışan azərbaycanlılar, tələbələr və mövzuya maraq göstərən serb vətəndaşları iştirak etmişlər.
Simpoziumda açılış sözü ilə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfiri Eldar Həsənov çıxış edərək xalq yazıçısı Çingiz Abdullayevin kitabının serb dilində nəşr edilməsinin qürur və sevinc mənbəyi olduğunu qeyd edib və belə mədəni, ədəbi tədbirlərin mədəniyyət sahəsində Azərbaycan və Serbiya arasında əlaqələrinin daha da möhkəmlənməsində öz töhfəsini verəcəyindən əmin olduğunu bildirib.
Müəllifin iştirakı ilə keçirilmiş bu mərasim çərçivəsində Belqrad Universitetinin Filologiya fakültəsinin dekanı Lilyana Markoviç, Serbiya Yazıçılar birliyinin sədri Milovan Vitezoviç, “Smederevo Poeziya Payızı” festivalının direktoru Qoran Corceviç, professor Aleksandra Vraneş və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, professor Zərifə Əli-Zadə çıxış edərək Çingiz Abdullayevin ədəbiyyat və mədəniyyət sahəsində xüsusi xidməti olan yaradıcılığı haqqında məlumatlar vermiş, onun Azərbaycanın dünya miqyasında tanıdılmasına verdiyi önəmli dəstək və töhfəsindən bəhs etmişlər.