news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 dekabr 2017

Professor Aida İmanquliyevanın yaradıcılığı haqqında kitabın təqdimatı

2017-ci il dekabrın 6-da Belqrad Universitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq kafedrasının kitabxanasında AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun Azərbaycanın görkəmli şərqşünas alimi Aida İmanquliyevanın yaradıcılığı haqqında qələmə aldığı “Şərq və Qərb problematikası kontekstində romantik poeziya” kitabının serb dilinə tərcüməsinin təqdimatı keçirilib. Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin serb dilinə tərcümə etdiyi kitabın təqdimat mərasiminə Belqrad Universitetinin müəllim və tələbə heyətinin, Serbiyadakı diplomatik korpusun, Serbiya Xarici İşlər Nazirliyinin, serb ictimaiyyətinin və ziyalılarının təmsilçiləri toplaşıblar.

Tədbiri giriş sözü ilə açan prof.Zərifə Əlizadə təqdimatın keçirilməsinə verdiyi dəstəyə görə  Belqrad Universitetinin Filologiya Fakültəsinə öz təşəkkürünü bildirərək bu kimi tədbirlərin  xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulayıb. O, ərəb ədəbiyyatının Azərbaycanda ilk araşdırmaçılarından olan professor Aida İmanquliyevanın yaradıcılığı haqqındakı kitabın Serbiyanın şərqşünas alim və tədqiqatçıları üçün də maraq doğuracağına inamını ifadə edib.

Tədbirdə çıxış edən kitabın müəllifi Səlahəddin Xəlilov həm Qərbin, həm də Şərqin vətəndaşı sayıla biləcək professor Aida İmanquliyeva haqqında kitabın Qərb və Şərqin qovuşduğu Belqrad şəhərində təqdim edilməsinin təsadüfi olmadığını bildirib, Av­ro­pa­­­da və Ame­rikada ya­şayan, lakin ru­hən şərq­­li olan və Şərqi gözəl bi­lən ərəb müha­cir­lə­ri­nin yara­dı­cı­lı­ğın­ı tədqiq edən A. İmanquliyevanın araşdırmalarının ye­ni bir elmi istiqamətin – Şər­q­ və Qərbin inteqrasiyası pro­se­­sinin öy­rə­­nil­mə­sinə yö­nəldildiyini qeyd edib.

Tədbirdə kitab haqqında  Belqrad Universitetinin Filologiya Fakültəsinin Şərqşünaslıq kafedrasının professorları Anjelka Mitroviç, Ema Milkoviç və Miryana Marinkoviç çıxış edərək təqdim olunan kitabın Azərbaycan və Serbiya arasında elmi əməkdaşlığa yeni bir töhfə olduğunu, eyni zamanda  sivilizasiyalar arasında dialoqun mühüm olduğu müasir dünyada A.İmanquliyevanın yaradıcılığının öz aktuallığını qoruyub saxladığını vurğulayıblar.    

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti