Serbiyada Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Günü qeyd olunmuşdur
29 may 2017-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Hyatt Regency” otelində Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir. Tədbirdə Serbiya Respublikası Baş nazirinin müavini, daxili işlər naziri Neboyşa Stefanoviç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, xristian, yəhudi və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov 99 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “istiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından bəhs etmiş, Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı barədə məlumat verərək, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd olunduğunu bildirmişdir.