Novruz Bayramı Serbiyanın paytaxtında qeyd olunub
2016-cı il martın 19-da Belqradın mərkəzindəki Taşmaydan parkında Beynəlxalq Novruz Günü münasibəti ilə tədbir keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin direktoru Zərifə Əlizadə qədim Şərqdə baharın gəlişini, təbiətin oynaşını təmsil edən, bolluq, bərəkət rəmzi olan Novruz haqqında məlumat verib. Bildirib ki, Azərbaycan xalqının ən əziz bayramlarından biri olan Novruz 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu il martın 21-də BMT-nin Baş Məclisi tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunub.
Sonra Azərbaycanın milli geyimlərində olan uşaqlar Novruzun atributlarından olan tonqal ətrafında dövrə vuraraq “yallı” rəqsini nümayiş etdiriblər. Serbiyanın tanınmış opera müğənnisi Nataşa Yoviç “Bu gün ayın üçüdür”, serb müğənni İvana Munca isə “Sarı gəlin”, “Laçın” və digər Azərbaycan xalq mahnılarını ifa ediblər. Serbiyada fəaliyyət göstərən həmvətənlərimizin övladlarının ifasında “Naz eləmə”, “Uzundərə” və “Nəlbəki” rəqsləri, habelə Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlunun repertuarından “Şən Azərbaycan” mahnısı ətrafa toplaşan yerli sakinlər və Belqrad şəhərinin qonaqları tərəfindən maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları səməni, rəngbərəng yumurtalar və Azərbaycan mətbəxinə məxsus ləziz şirniyyatlar, o cümlədən şəkərbura, paxlava, qoğal ilə bəzədilmiş süfrəyə dəvət ediliblər.