“Heydər Əliyev İli” çərçivəsində Serbiyada konsert təşkil olunub
Azərbaycanın Serbiyadakı Səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq yolları” adlı konsert təşkil edib.
Belqrad şəhərindəki Etnoqrafiya Muzeyində keçirilən konsertdə Serbiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, dövlət rəsmiləri, elm və incəsənət xadimləri, bu ölkədə yaşayan, çalışan və təhsil alan azərbaycanlılar, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, mədəniyyət və incəsənətə verdiyi önəmli dəyər və töhfələrdən, həmçinin iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından bəhs edib.
Əvvəlcə Belqrad Universitetinin Filologiya fakültəsinin tələbələri Yelena Markoviç və Mariya Radovanoviç Azərbaycanın Xalq şairi Səməd Vurğunun “Azərbaycan” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya” şeirlərini Azərbaycan dilində söyləyiblər.
Konsert proqramında Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü İlham Nəzərov, Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu Yasmina Trumbetaş, Svetlana Əhmədova (fortepiano) və Mina Ristiç Yoniç (fortepiano) Azərbaycan və Serbiya, eləcə də dünya musiqi klassiklərinin əsərlərini səsləndiriblər.
İlham Nəzərov və Yasmina Trumbetaşın birgə ifasında “Azərbaycan” mahnısı auditoriyanın xüsusi alqışlarına səbəb olub.
Konsertdə Səfirliyin ikinci katibi Elvin Əlizadənin tarda ifaları tamaşaçılar tərəfindən maraqla izlənilib.