news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 oktyabr 2015

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğunu qeyd etdi.

Vali İsmayıl Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnunluq ifadə edərək, dövlətlərimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafeyinə uyğun olduğunu bildirdi. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verdi və turizm, səhiyyə, elm, mədəniyyət və tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırdı.

İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası və onun çərçivəsində müştərək biznes forumlarının təşkil edilməsinin əhəmiyyəti qeyd edildi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti