Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi ilə bağlı tədbir
Avqustun 16-da Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi ilə bağlı şəhərin Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsində ölkəmizin Serbiyadakı səfirliyinin və şəhər meriyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Belqrad şəhər meriyasının, Rakovitsa, Vojdovaç və Savski Venaç bələdiyyələrinin rəhbərlikləri, Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, parlamentin üzvləri, Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiyada yaşayan azərbaycanlılar, bu ölkənin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir Belqrad şəhər merinin müavini xanım İrena Vuyoviçin və səfir Eldar Həsənovun Bəxtiyar Vahabzadə küçəsi yazılmış lövhənin üzərindən örtüyü götürmələri ilə başlanıb.
E.Həsənov qeyd edib ki, görkəmli şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli Sərəncamını və birbaşa tapşırığını rəhbər tutaraq səfirlik Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiyada yaşayan həmvətənlərimizin təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər meriyasına müraciət edib. Meriyanın və ölkə parlamentinin cari il iyunun 23-də keçirilmiş iclasında bu müraciətə müsbət baxılaraq Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.
Səfir Bəxtiyar Vahabzadənin adının Belqrad şəhərinin küçələrindən birinə verilməsinin dost Azərbaycan və serb xalqlarının yüksək səviyyəli münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, İvo Andriç, Milorad Paviç kimi tanınmış serb yazıçılarının əsərləri Azərbaycan dilində oxunur və Serbiyanın incəsənət xadimlərinin musiqiləri ölkəmizdə sevilərək dinlənilir. Belqrad küçələrinin birinə Bəxtiyar Vahabzadənin adının verilməsini səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin ifadəsi kimi qiymətləndirib.
İrena Vuyoviç tədbir iştirakçılarına müraciət edərək serb və Azərbaycan xalqlarının möhkəm dostluq bağları barədə danışıb. O, bu hadisənin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Tədbir çərçivəsində Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadə Bəxtiyar Vahabzadənin serb dilinə tərcümə edilmiş şerini səsləndirib.