Belqraddakı seminarda Xocalı həqiqətlərindən danışılıb
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyi və Nikola Tesla Universitetinin birgə təşkilatçılığı ilə Belqradda “Cənubi Qafqazda münaqişənin tarixi, müasir çağırışlar və imkanlar” adlı seminar və panel müzakirələr keçirilib.
Tədbirdə Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, Nikola Tesla Universitetinin beynəlxalq əlaqələr fakültəsinin müəllim və tələbələri, Belqradda akkreditə olunmuş bəzi ölkələrin səfirləri də daxil olmaqla, yüzdən çox dinləyici iştirak edib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Strateji Araşdırmalar Forumunun professoru, Sosial Elmlər İnstitutunun baş elmi işçisi Neven Svetiçanin və Nikola Tesla Universitetinin professoru Violeta Pavloviç çıxış ediblər.
Səfir Kamil Xasiyev Xocalı həqiqətlərindən bəhs edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, 30 ilə yaxın davam etmiş işğal dövrü, o cümlədən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, nəhayət hazırkı reallıqlar və imkanlar haqqında məlumat verib.
Neven Svetiçanin öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra regiondakı geniş inkişaf imkanlarından, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyətindən, digər regional və beynəlxalq layihələrin önəmindən danışıb.
Professor Violeta Pavloviç isə Serbiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı və hazırkı səviyyəsi haqqında söz açıb.
Daha sonra iştirakçıların sualları cavablandırılıb.