news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2018

Belqradda Serbiya Milli Teatrında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təntənəli konsert keçirildi

2018-ci ilin 10 may tarixində Belqrad şəhərində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Serbiya Milli Teatrında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin rəhbərliyi ilə əməkdar artistlər, soprano Afaq Abbasova, dirijor Əyyub Quliyev, Serbiya Opera və Balet Teatrının aparıcı solistləri, soprano Yasmina Trumbetaş, bariton Aleksandar Stamatoviç və Belqrad Musiqi Akademiyasının doktorantı, beynəlxalq musiqi festivallarının laureatı, pianoçu  Mina Ristiçdən ibarət musiqi qrupunun Serbiya Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə möhtəşəm konsert gecəsi təşkil edildi.

İlk növbədə Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun önünə əklillər qoyulmuş və xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən Azərbaycanın Serbiyadakı Səfiri Eldar Həsənov ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin həyatı və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında onun əvəzsiz xidmətlərindən və xilaskar rolundan bəhs etmişdir. Ölkəmizdə azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin sosial rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu söyləyən Səfir, bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Səfir xüsusilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu bildirərək, bunu Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsi adlandırdı. O, bu tarixin Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və dünya dövlətləri sırasına qoşulduğu bir gün olduğunu qeyd etdi. Bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsi ilə bağlı sərəncamının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, professor Zərifə Əlizadə  mədəniyyətin xalqlar, dövlətlər arasında ən etibarlı körpü olduğunu, dünyada ən incə siyasətin mədəniyyətin dili ilə ifadə edildiyini qeyd etmişdir. O, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra xalqlar və dövlətlər arasında mədəni əlaqələrin yaradılmasına, inkişaf etdirilməsinə xüsusi önəmin verildiyini, bu il öz müstəqilliyinin 100 illiyini qeyd edən Azərbaycan dövlətinin, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mədəniyyətinin, incəsənətinin dünyada tanıdılması istiqamətində mühüm işlərin görüldüyünü vurğuladı. O, həmçinin Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun xalqımızın bəşəri mahiyyət daşıyan dəyərlərini, Azərbaycanın fəlsəfi-ədəbi fikrinin, poeziyasının, klassik musiqisinin, memarlığının, habelə maddi mənəvi irsinin rəmzi olan təsviri sənətin inkişafı və dünyada təbliğindəki mühüm fəaliyyətindən danışdı.

Zərifə Əlizadə rəhbəri olduğu mərkəzin fəaliyyətindən bəhs edərək, Azərbaycan mədəniyyətinin Serbiyada təbliğində, Azərbaycan-Serbiya mədəni əlaqələrin inkişaf etdirilməsindəki rolundan danışdı.

Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirinin müavini Asya Draça Muntean öz çıxışında, Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, siyasi münasibətlərlə yanaşı, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndiyini, bu səpkidə hazırkı tədbirin bu əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini qeyd etdi. O, eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın öz müstəqilliyini möhkəmləndirdiyini, regionda nüfuzunun artdığını, bir çox sahələrin inkişaf etdiyini, dünya dövlətləri ilə səmimi dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd etdi. Serbiya tərəfi, həmçinin Azərbaycanla Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin nümunəvi olduğunu da vurğuladı.

Serbiya Milli Teatrının direktoru Deyan Saviç Avropa məkanında bu tərkibdə təşkil edilən konsert vasitəsi ilə Serbiya ictimaiyyətinin Azərbaycanın zəngin musiqisi və mədəniyyəti ilə əyani şəkildə tanış olmaq üçün böyük fürsət olduğunu və buna görə konsertin təşkilatçılarına öz təşəkkürünü bildirdi. O, ölkələrimiz arasında təşəkkül tapmış hərtərəfli sıx əməkdaşlığın nəticəsində, Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad şəhərində “Taşmaydan parkı”nda xalqımızın ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin, Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün, dünya şöhrətli serb alimi Nikola Teslanın Bakı şəhərində heykəlinin ucaldılmasının, habelə, Belqrad şəhərində “Bayraklı Cami” məscidi, Novi Sad şəhərində “Müqəddəs Petka” Kilsəsi, Novi Pazar şəhərində isə Mədəniyyət Evinin bərpa, təmir və inşa edilməsinin xalqlarımızın ortaq dəyərlərə malik olduğunun, onların daha da yaxınlaşmasının, mədəni və tarixi abidələrə verilən dəyərin təzahürü olduğunu qeyd etdi.   

Daha sonra tədbir Serbiya Milli Teatrında Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin rəhbərliyi ilə əməkdar artistlər, soprano Afaq Abbasova, dirijor Əyyub Quliyev, Serbiya Opera və Balet Teatrının aparıcı solistləri, soprano Yasmina Trumbetaş, bariton Aleksandar Stamatoviç və Belqrad Musiqi Akademiyasının doktorantı, beynəlxalq musiqi festivallarının laureatı, pianoçu  Mina Ristiçdən ibarət musiqi qrupunun Serbiya Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə möhtəşəm konsert gecəsi ilə davam etdi.

Konsert proqramında Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Vaqif Adıgözəlov, Həsən Ruzi, Səid Rüstəmov, Cüzeppe Verdi, Corc Bize, Franz Lehar, Vittoria Monti və Peter Kristiç kimi tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndi.  

Konsert Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış və ölkə mətbuatında işıqlandırıldı.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti