Belqradda Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir
27 may 2015-ci il tarixində Serbiyanın paytaxtı Belqrad şəhərindəki “Kraun Plaza” otelində Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir. Tədbirdə Serbiya Respublikası Parlamentinin Sədri Maya Qoykoviç, Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç, Serbiya Respublikasının energetika naziri Aleksandar Antiç, Avrointeqrasiya məsələləri üzrə nazir Yadranka Yoksimoviç, Serbiya Respublikası Prezidentinin müşaviri Oliver Antiç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, Serbiya Yazıçılar İttifaqının sədri Radomir Andriç, Serbiya Olimpiya Komitəsinin təmsilçiləri, Belqrad şəhər meriyasının rəhbərliyi, xristian və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və çox sayda KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov 97 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “istiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və onun tarixindən bəhs edərək, tədbir iştirakçılarına Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi və SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edildiyi barədə məlumat vermiş, bu günün Azərbaycanın dövlətçilik tarixində ən parlaq, unudulmaz və önəmli tarixi günlərdən biri olduğunu və indiki müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğunu vurğulamışdır.
Səfir E.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli və əbədi Azərbaycan torpağı olan ərazilərimizin – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə tədbir iştirakçılarına məlumat verərək, münaqişə ilə bağlı BMT TŞ-nin işğalı pisləyən və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması haqqında qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini, Ermənistan tərəfinin eyni zamanda ATƏT, AŞ və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərə məhəl qoymadığını, lakin bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri əsasında – ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına inandığını, bu səpkidə Azərbaycanın özünün strateji tərəfdaşı olan Serbiyanın ATƏT-in fəaliyyətdə olan Sədri qismində səylərini artıracağına ümid bəslədiyini bildirmişdir.
Səfir E.Həsənov tədbir iştirakçılarına Azərbaycan-Serbiya əməkdaşlığının sürətli inkişafı barədə məlumat verərək, strateji tərəfdaşlıq səviyyəsinin əldə olunduğu bu münasibətlərin yüksək səviyyəsini təkcə son bir neçə ay ərzində həyata keçirilmiş yüksək səviyyəli səfərlərin bariz sübut etdiyini, belə ki, 2014-cü ilin dekabr ayında Serbiya Respublikası Parlamentinin Sədri Maya Qoykoviçin, cari ilin aprel ayında Baş nazir Aleksandar Vuçiçin, mədən sənayesi və enerji naziri Aleksandar Antiçin, may ayında Avrointeqrasiya məsələləri üzrə nazir Yadranka Yoksimoviçin və mədəniyyət və informasiya naziri İvan Tasovatsın Azərbaycanda səfərdə olduqlarını, bir neçə gün sonra Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan Sədri İvitsa Daçiçin Azərbaycana səfər edəcəyini, həmçinin Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Bakı şəhərində keçiriləcək 1-ci Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirakının nəzərdə tutulduğunu bildirmişdir.
Səfir E.Həsənov “Bakı-2015” Avropa Oyunları barədə tədbir iştirakçılarına məlumat verərək, 20 idman növü üzrə keçiriləcək bu idman yarışında 6000-dən çox, o cümlədən Serbiyadan 130-dan çox idmançının iştirak edəcəyini söyləmişdir.
Səfir E.Həsənov eyni zamanda Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi və dini konfesiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı tolerant ölkə olduğunu, Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizdə hər bir sahədə sürətli inkişafın müşahidə edildiyini, demokratik islahatlar, eləcə də irimiqyaslı enerji və nəqliyyat dəhlizi layihələrinin həyata keçirildiyini, Azərbaycanın müstəqil siyasət yürüdərək, iqtisadi sahədə dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirmişdir.
Tədbirdə Serbiya Respublikası Baş nazirinin müavini R.Lyayiç çıxış edərək, Azərbaycan xalqını və dövlətini 28 May – Respublika Günü münasibəti ilə təbrik etmiş, Serbiya dövləti və rəhbərliyinin Azərbaycanla münasibətlərə müstəsna önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaratdığını, Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və mümkün olduqca daha geniş sahələri əhatə etmək üçün qarşılıqlı istəyin mövcudluğunu vurğulamış və ölkələrimiz arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. O, ötən ilin may ayında Serbiyada sel və daşqınların törətdiyi ağır təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə Serbiya tərəfinin müraciəti əsasında Azərbaycanın dərhal və təxirə salınmadan humanitar yardım göndərmiş ilk ölkələrin sırasında olduğunu vurğulayaraq, buna görə dost Azərbaycan dövlətinə, xalqına və xüsusilə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını ifadə etmiş və bu nəcib hərəkətin Serbiya xalqı tərəfindən heç vaxt unudulmayacağını bildirmişdir.
Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən filmin, eləcə də “Bakı-2015” Avropa Oyunlarının təqdimatını əks etdirən video-çarxın və “İlk Avropa Oyunları qədim Bakı torpağında” klipinin nümayişi ilə davam etmişdir.
Tədbir iştirakçılarına həmçinin Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də səfirlik tərəfindən serb dilinə tərcümə edilmiş görkəmli Azərbaycan ədiblərinin əsərləri hədiyyə edilmişdir.