Belqradda Azərbaycan Mədəniyyət Günləri keçirilib
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin 18-20-də Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.
“Azərbaycan-Odlar Yurdu” şüarı ilə keçirilən tədbirlərdə Belqradda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Serbiyanın dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, diaspor və yerli ictimaiyyətin təmsilçiləri, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, həmçinin bu ölkədə yaşayan, təhsil alan və çalışan soydaşlarımız iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev iki ölkə arasında yüksək səviyyəli və dinamik münasibətlərin mövcud olduğunu, mədəni sahədə əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb.
Konsert proqramı və sərgilərdən ibarət tədbirlər zamanı milli musiqilərimiz, muğamdan və rəqslərdən ibarət konsert proqramı təşkil olunub, milli geyimlər, xalçalar, qurama və rəsm sərgiləri nümayiş etdirilib, ölkəmizin tarixi, mədəniyyəti, milli musiqisi, habelə müasir həyat tərzi və reallıqları barədə ziyarətçilərə məlumat verilib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solistləri - Əməkdar artist Viktoriya Şahmuradova və 44 günlük Vətən müharibəsi veteranı və qazisi Firdovsi Eyvazov tərəfindən milli rəqslərimiz təqdirəlayiq nümayiş etdirilib. “Sarı gəlin” Azərbaycan xalq mahnısının rəqs ilə müşayiəti, həmçinin “Şuşanın dağları” və “Can Qarabağ” mahnıları heyranlıqla izlənilib. Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Serbiya Opera və Balet Teatrının prima sopranosu xanım Yasmina Trumbetaş Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyevin “Qızıl üzük” mahnısını səsləndirib.
Şuşanın füsunkar təbiəti, tarixi və memarlıq abidələrini əks etdirən fotosərgi, “Azərxalça” ASC-nin Azərbaycan xalçaları, tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas geyim nümunələrindən ibarət “Qarabağ” milli geyim kolleksiyası, qurama üzrə sənətkar Leyla Xasiyevanın əl işlərindən ibarət sərgisi, Belqradda yaşayan azərbaycanlı rəssam Yevgeniya Türkoğlunun Bakı və Abşeron yarımadasının əks olunduğu rəsm əsərləri, İsayeva Diananın Azərbaycan milli nağıl qəhrəmanlarından ilhamlanaraq yaratdığı əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraq və həvəslə qarşılanıb.
Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlər Serbiya KİV-lərində və televiziya proqramlarında geniş işıqlandırılıb.