“Arşın mal alan” filmi Serbiyanın paytaxtı Belqrad şəhərində nümayiş olunub
2017-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Belqrad Etnoqrafiya Muzeyinin kino zalında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası nümayiş olunub. Nümayiş Azərbaycanın Serbiyadakı Səfirliyi və Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə reallaşdırılıb.
Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru prof. Zərifə Əlizadə izləyicilərə Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat verib, onun müsəlman şərqində ilk operanın müəllifi, eləcə də Azərbaycan milli himinin müəllifi olmasını vurğulayaraq, dahi bəstəkarın doğum gününün Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunduğunu bildirib.
Filmi Belqraddakı diplomatik korpusun və Serbiya ictimaiyyətinin nümayəndələri böyük maraqla izləyiblər.