news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2019

25 fevral tarixində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyində anma mərasimi təşkil olunub

Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada ezamiyyədə olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Eyyub Quliyev və Azərbaycanın Əməkdar artisti Afaq Abbasova, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımının ağır nəticələrini özündə əks etdirən fotoguşə ilə tanış olub, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək erməni separatçılarının vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları və həyata keçirdikləri cinayətlərdən danışıb, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının labüd olduğunu və bu soyqırımı törədənlərin beynəlxalq məhkəmədə mühakimə olunacaqlarına əminliyini vurğulayıb.

Daha sonra Serbiyanın nüfuzlu yazıçısı Militsa Yeftimiyeviç Liliç və  Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Vladan Şkoriç çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşmüş, bu dəhşətli cinayəti törədənlərin öz layiqli cəzalarını almalı olduqlarını vurğulamışlar.

Səfirlik tərəfindən hazırlanmış, Xocalı soyqırımının səbəblərini və nəticələrini özündə əks etdirən press-reliz xarici ölkələrin Belqrad şəhərindəki səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri, Serbiyanın dövlət strukturları, qeyri-hökumət təşkilatları və KİV arasında yayılıb. Eyni zamanda Səfirliyin təşəbbüsü ilə Serbiyanın geniş oxucu kütləsinə malik “Balkanin” xəbər portalında “Azərbaycan Xocalı qurbanlarını yad edir” başlıqlı məqalə dərc edilmişdir.    

( http://balkanin.com/index.php/drustvo/item/1160-azerbejdzan-se-priseca-masovnih-civilnih-zrtava-u-gradu-hodzali.html )

 

Azərbaycanın Monteneqro və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anma mərasimləri keçirilib.

Xocali 2

Xocali 1

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti