Serbiya Milli Muzeyində Azərbaycan və Serbiyanın məşhur bəstəkarlarının sənət əsərlərindən ibarət “Dostluq Konserti” keçirilib.
Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə təşkil edilən konsert gecəsində Serbiya Opera və Balet Teatrının aparıcı solistləri, soprano Yasmina Trumbetaş, soprano Mariya Yeliç, tenor Yanko Sinadinoviç, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, pianoçu, professor Zərifə Əli-Zadə, Belqrad Musiqi Akademiyasının doktorantı, beynəlxalq musiqi festivallarının laureatı, pianoçu Mina Ristiç və Səfirliyin əməkdaşı Elvin Əlizadənin (tar) musiqi ifaları yer alıb.
Konsert proqramında Qara Qarayev, Tofiq Quliyev, Arif Məlikov, Niyazi, Petar Krstiç, Petar Konyoviç, Cakomo Puççini və Yosif Marinkoviç kimi tanınmış Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.
Konsertdə Serbiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Azərbaycanın Serbiyadakı Səfirliyinin kollektivi, Serbiyada yaşayan və çalışan azərbaycanlılar iştirak edib.
Konsert Serbiya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb və ölkə mətbuatında geniş işıqlanıb.