news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 may 2018

2018-ci ilin 21-22 may tarixlərində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasına rəsmi səfər etmişdir

mayın 21-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Serbiya Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandar Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdirdilər.

Mayın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırıldı. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq.

Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var.

Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır.

Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək.

Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir. Bir daha xoş gəlmisiniz.

Serbiya Prezidenti Aleksandr VUÇİÇ dedi:

-Hörmətli cənab Prezident.

İlk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzulayıram. Eyni zamanda, Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə də təbrik etmək istəyirəm.

Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik.

Cənab Prezident, mən Sizin fəaliyyətinizə xüsusilə böyük önəm verirəm. Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə Siz ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, Sizin siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik.

Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər.

Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur. Bu münasibətlə də Sizi səmimi qəlbdən təbrik edirəm.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandr Vuçiç Xəzər dənizinin mənzərəsini seyr etdilər.

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzaladılar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Serbiya Respublikasının səhiyyə naziri Zlatibor Lonçar imzaladılar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Serbiya Respublikasının ədliyyə naziri Nela Kuburoviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Sazişi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya Respublikasının Baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzaladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin şərəfinə rəsmi ziyafət verilib.

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında xüsusi əməkdaşlıq formatı yaratdığını dedi. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında bir neçə il öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin və bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin çox güclü təməl üzərində qurulduğunu qeyd etdi. Prezident İlham Əliyev bundan sonra da Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələr üzrə məsləhətləşmələrin davam etdiriləcəyinə əminliyini ifadə etdi, ölkələrimizin qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan əlaqələrinin əhəmiyyətini vurğuladı.

Serbiya Prezidenti Aleksandr Vuçiç yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Serbiya Prezidenti bu münasibətlərin qarşılıqlı inama və etimada söykəndiyini bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm işlərin şahidi olduğunu deyən Aleksandr Vuçiç Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün münbit şəraitin yaranmasının əhəmiyyətini vurğuladı.

Sonda Serbiya dövlətinin başçısı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını çatdırdı.

Mayın 22-də Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışı, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimləri keçirilib.

Əvvəlcə Prezident Aleksandar Vuçiç Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

 Sonra Azərbaycan Dillər Universitetində Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. Serbiya Prezidenti mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Dövlət başçısı mərkəzə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra universitetin akt zalında Serbiya Prezidentinə bu ali təhsil ocağının fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Universitetin tələbələrinin ifasında Serbiyanın dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən rektor Kamal Abdulla Serbiya Prezidentinin Azərbaycanın dostu kimi tanındığını bildirib. “Əlamətdar hadisədir ki, universitetimizin elmi şurasının qərarı ilə Serbiya Prezidenti Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib”, - deyən rektor Serbiya Prezidentini təbrik edib.

Kamal Abdulla xatırladıb ki, bu yaxınlarda Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb və Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti mərasimdə iştirak edib. Biz də Azərbaycan Dillər Universitetində çoxdan hazırlanan bir layihəni – Serb Dili və Mədəniyyəti Mərkəzinin açılışını məhz dövlət başçısı Aleksandar Vuçiçin ölkəmizə rəsmi səfəri zamanı reallaşdırdıq. Rektor əmin olduğunu bildirib ki, həm Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həm də Azərbaycan Dillər Universitetindəki Serb Dili və Mədəniyyəti Mərkəzi serbiyalı və azərbaycanlı gənclərin yaxınlaşmasına, mütəxəssislərimizin birgə layihələrdə iştirakına, universitetlərimiz arasında əlaqələrin genişlənməsinə əlverişli şərait yaradacaq.

Azərbaycan xalqının multikultural xalq olduğunu deyən rektor qeyd edib ki, bizim multikulturalizm modelimiz dünyanın bir çox universitetlərində tədris edilir: “Biz bu modelimizi Belqrad Universitetində də həyata keçirmək niyyətindəyik. Bu, Serbiya multikulturalizmi ilə Azərbaycan multikulturalizmi arasında oxşar cəhətləri öyrənmək üçün imkanlar açacaq”.

Daha sonra Serbiya dövlətinin başçısına fəxri doktor diplomu və mantiya təqdim olunub.

Prezident Aleksandar Vuçiç Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri qarşısında çıxış edərək bu ali məktəbin fəxri doktoru adına layiq görülməsinin onun üçün böyük şərəf olduğunu deyib. Dövlət başçısı Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin və Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasının bu ölkələrin gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə olacağını vurğulayıb. Qeyd edib ki, Azərbaycan və Serbiya ərazi baxımından böyük ölkələr olmasalar da, müstəqil siyasət həyata keçirirlər. Serbiya Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib, Azərbaycan Dillər Universitetinin kollektivinə uğurlar arzulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti