Humanitar və mədəni sahədə əməkdaşlıq:
Digər sahələrdə olduğu kimi, humanitar və mədəni sahələrdə də ikitərəfli əməkdaşlıq uğurla inkişaf edir. İndiyədək qarşılıqlı əsasda həyata keçirilən layihələrdən ən yadda qalanları aşağıdakı kimi sadalana bilər;
2010-cu ilin iyun ayında Belqradda Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır.
2011-ci ildə Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Belqraddakı Taşmaydan parkı yenidən qurulmuş və daha da təkmilləşdirilmişdir. Parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılıb.
2011-ci ildə Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun adını daşıyan Üzeyir Hacıbəyli Memorialı Azərbaycan və Serbiya xalqları arasında dostluq münasibətlərinin rəmzi kimi Serbiyanın Novi Sad şəhərində ucaldılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi göstərişləri və Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə 2011-2012-ci illərdə Belqradda Bayraqlı məscidi, Novi Sad şəhərindəki Müqəddəs Petka kilsəsi və Novi-Pazardakı Mədəniyyət Mərkəzi təmir və bərpa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası ilə Serbiya, o cümlədən Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi töhfələrə, eləcə də Azərbaycan və Balkan ölkələrinin yaxınlaşmasında xüsusi xidmətlərinə görə Ana və Vlade Divats Fondunun "Balkanların layiqli dostu" beynəlxalq mükafatına layiq görülüb.
2013-cü il fevralın 7-9-da Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri zamanı görkəmli serb alimi, fizik Nikola Teslanın Bakıda abidəsinin rəsmi açılışı olmuşdur.
Azərbaycanın Tələbə Gənclər Təşkilatları İttifaqı ilə Serbiya Universitetlərinin Tələbə Konfransı arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, 2013-cü il sentyabrın 2-9-da Serbiyaya beş azərbaycanlı tələbə, eyni ilin sentyabrın 10-16-da isə beş serbiyalı tələbə Azərbaycana səfər etmişdir.
19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa əmri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə 400 min Avro dəyərində humanitar yardım Belqrad hava limanında Serbiyanın müvafiq orqanlarına təhvil verilib.
2014-cü il iyulun 31-də Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi, Serbiya - Azərbaycan Ticarət Palatası və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Serbiyanın Loznitsa şəhərində may ayında baş vermiş daşqınlar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım göstərilib.
20 oktyabr 2014-cü il tarixində Belqradın nasist işğalından azad edilməsinin 70-ci ildönümü münasibətilə Serbiya RTS-də (Serbiya Dövlət Teleradio Şirkəti) azərbaycanlılardan ibarət 223-cü Belqrad Qırmızı Bayraq Diviziyası haqqında sənədli film nümayiş etdirilmişdir. Bu diviziya (90%) azərbaycanlı döyüşçülərdən ibarət idi. Sənədli filmdə veteran Zülfəli Əliyev haqqında söhbət açılmış, eləcə də bölmə haqqında xüsusi məlumat verilmişdir.
Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin 26 mart 2015-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Serbiya Respublikasının ali dövlət mükafatı - "Sreten Ordeni" ilə təltif edilmişdir. Bu mükafat ona Ictimai, mədəni və humanitar fəaliyyət sahəsində Serbiya Respublikasına xüsusi xidmətlərinə görə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 19 may 2020-ci il tarixində "COVID-19" pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Azərbaycan Respublikası Hökuməti adından Serbiya Respublikasına humanitar yardım təyyarəsi göndərilmişdir.
2021-ci il noyabrın 17-də Belqraddakı Milli Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ədəbi-bədii axşam keçirildi. Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Mədəniyyətlərin dialoqu" başlığı altında həyata keçirildi.
14 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Nizami Gəncəvi oxuyur" adlı kitab-albomun təqdimatı keçirildi.
2022-ci il fevralın 25-də Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyi və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Belqrad Milli Muzeyində dünya və Azərbaycan klassik musiqilərinin xatirə konserti təşkil olundu.
2023-cü il aprelin 18-dən aprelin 20-dək "Madlena" İncəsənət Sarayında "Odlar Yurdu, Azərbaycan – Azərbaycan, Odlar Yurdu" adlı Azərbaycan mədəniyyətinin təntənəsinə həsr olunmuş mədəniyyət tədbiri keçirildi. Tədbir 2 hissədən ibarət idi: musiqi (Azərbaycan milli xalq rəqsləri və Azərbaycanın UNESCO-ya daxil edilmiş mədəni irsi - "Mugham" mahnı ifaları) və çoxsaylı mədəni əl işləri, ənənəvi Azərbaycan xalçaları və milli Azərbaycan geyimlərinin sərgisi.
2023-cü il noyabrın 7-də Azərbaycan Respublikası Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində nazir Ceyhun Bayramovun və Xarici İşlər Nazirliyinin dövlət katibi Qoran Aleksiçin iştirakı ilə Belqradın "Dostluq Parkı"ında 100 ədəd çinar ağacı əkildi.
Humanitar sahədə imzalanmış əsas sazişlər və müqavilələr:
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011.
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011.
- Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublikasının Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011.
- Azərbaycan Respublikasının Şuşa şəhəri və Serbiya Respublikasının Novi Pazar şəhəri arasında mədəniyyət, turizm, şəhər planlaşdırılması, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələri üzrə qardaşlıq əlaqələrinin və əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu. Şuşa, 17 Mart, 2023.