İkitərəfli münasibətlər haqqında

İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

 

Azərbaycan-Serbiya münasibətləri

Keçmiş Yuqoslaviya 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik əlaqələr 1997-ci il avqustun 21-də qurulub.

25 mart 2010-cu il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasında Səfirliyi fəaliyyətə başladı. Serbiyanın Türkiyədəki Səfirliyi Azərbaycana da akkreditə olunmuşdur.

2011-ci ilin fevral ayında Serbiya Respublikasının Bakıda Səfirliyi açıldı.

3 may 2021-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Draqan Vladisavlyeviç etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etdi.

25 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Kamil Xasiyev etimadnaməsini Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçə təqdim etmişdir.

Hökumətlərarası Komissiya

2011-ci ilin iyun ayında yaradılmış Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya indiyədək 7 görüş keçirib. Komissiyanın Azərbaycan üzrə həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevdir. Serbiyalı həmsədr isə əmək, məşğulluq, veteran və sosial məsələlər naziri cənab Nikola Selakoviçdir. Hökumətlərarası Komissiyanın VII iclası 2023-cü il aprelin 28-də Belqrad şəhərində keçirilmişdir.

Parlamentlərarası əlaqələr

Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupu mövcuddur.

Azərbaycan Respublikasının Milli Məclisinin Sədri xanım Sahibə Qafarova 24-25 may 2023-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər etdi.

Serbiya Respublikası Milli Assambleyasının Prezidenti cənab Vladimir Orliç 5-7 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasına rəsmi səfər etdi.

Xanım Məlahət İbrahimqızının başçılıq etdiyi Azərbaycan-Serbiya parlamentlərarası Dostluq Qrupunun üzvləri 24-26 oktyabr 2023-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər etmişdir.

Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrə dair məlumat

Siyasi sahədə:

Azərbaycan və Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin 7-9 fevral 2013-cü il tarixində Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin Prezidentləri "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni imzaladılar.

Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçin 21-22 may 2018-ci il tarixlərində Azərbaycana rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında strateji tərəfdaşlıq haqqında Birgə Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Saziş imzalanmışdır.

Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. 2013-cü ilin fevralında "Beynəlxalq hüququn aliliyi və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair Qətnamə" layihəsi Serbiya Parlamentinin gündəliyinə salınıb.

İkitərəfli dostluq münasibətləri və əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda da öz əksini tapır. Buna misal olaraq, beynəlxalq təşkilatlar çərçivəsində  ölkələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında mövqelərinə nümayiş etdirdikləri qarşılıqlı dəstəyi göstərmək olar.

Qeyd edilməlidir ki, 2021-ci il 10-11 oktyabr tarixlərində Azərbaycan və Serbiya Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbiri birgə təşkil etdilər. 120-yə yaxın ölkənin və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi bu genişmiqyaslı tədbirin uğurla həyata keçirilməsi də Azərbaycan ilə Serbiya arasında birgə əməkdaşlığın bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 noyabr 2022-ci il tarixində Serbiya Respublikasına rəsmi səfər etdi.

Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiç 20 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasına səfər etdi.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramov 6-7 noyabr 2023-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 dekabr 2023-cü il tarixində Serbiya Respublikasına işgüzar səfər etdi.

Siyasi sahədə imzalanmış əsas sənədlər:

1. Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 13 may 2010-ci il.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 13 may 2010-ci il.

3. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə. Bakı, 8 fevral 2013-cü il.

4. Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası Hökuməti arasında strateji tərəfdaşlıq haqqında Birgə Fəaliyyət Planı. Bakı, 12 oktyabr 2018-ci il.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu. Belqrad, 11 oktyabr 2021-ci il.

6. Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyanatı. Belqrad, 23 noyabr 2022.

7. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum. Belqrad, 23 noyabr 2022.

 

Serbiya ilə müxtəlif sahələrdə 57 sənəd imzalanıb.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti