2018-03-31

31 mart 2018-ci il tarixində Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiyadakı səfirliyində anım mərasimi keçirilib

Tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan və təhsil alan azərbaycanlılar, ictimaiyyətinin və şəhərin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Səfir Eldar Həsənov ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs edib. O, 1905-1907-ci illərdə və 1918-ci ilin aprel-mart aylarında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, on minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, evlərindən didərgin salınması, onların əsrlərboyu yaşadıqları ərazilərdən 1948-1953-cü illərdə deportasiya edilməsi, soyqırımına məruz qalması, 1988-ci ildə xalqımıza qarşı başlanmış təcavüz nəticəsində bir milyondan çox soydaşımızın öz torpaqlarından zorla qovulması, Xocalı soyqırımı barədə geniş məlumat verib. Səfir 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqqında ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanın tarixi əhəmiyyətindən söhbət açıb. O, həmçinin Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamından irəli gələn tədbirlərin erməni-bolşevik silahlı dəstələri tərəfindən 100 il əvvəl azərbaycanlılara qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında önəmini vurğulayıb.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən BMT və ATƏT-in norma və prinsiplərinə zidd olaraq tarixi Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən indiyədək işğal altında saxlanıldığını diqqətə çatdırıb.

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin Monteneqrodakı və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərində də anım tədbirləri keçirilib.

Arxiv üzrə axtarış