2017-08-04

TÜRKSOY Gənc Kamera Orkestrının Serbiyaya səfəri

TÜRKSOY Gənc Kamera Orkestrı bu ilin 24 iyul-2 avqust tarixlərində çıxdığı Balkan turu çərçivəsində avqustun 1-2-də Belqrad şəhərində səfərdə olub. 25 nəfərlik orkestrdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Tatarıstan (RF) və Başqırdıstandan (RF) olan gənc və istedadlı musiqiçilər toplaşmışlar. Orkestrın dirijorları Ənvər Əkbərov (Qazaxıstan) və Mustafa Mehmandarovdur (Azərbaycan).

Avqustun 2-də TÜRKSOY-un rəhbərliyi və orkestrın bütün heyəti Belqrad şəhərinin mərkəzində Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkına gələrək, ümummilli lider Heydər Əliyevin burada ucaldılmış abidəsini ziyarət edib.

Belqrad şəhərinin Madlenianum Opera və Teatrının səhnəsində TÜRKSOY Gənc Kamera Orkestrının Azərbaycanın və Türkiyənin Serbiyadakı səfirliklərinin dəstəyi ilə baş tutan konsertini Serbiyanın əmək, məşğulluq, veteranlarla iş və sosial məsələlər üzrə naziri Zoran Corceviç, millət vəkilləri, mədəniyyət xadimləri, diplomatik korpusun və Serbiya ictimaiyyətinin nümayəndələri izləyiblər.

Tanınmış Avropa bəstəkarları ilə yanaşı Turgay Erdener, Seitalı Medetov, Alsu Sungatullina, Rövşən Nepesov, Fikrət Əmirov, Birjan Mınbayev kimi türk bəstəkarlarının əsərlərini təqdim edən gənc musiqiçilərin peşəkar ifası və dirijor Mustafa Mehmandarovun dirijorluq məharəti Belqrad izləyiciləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.       

Arxiv üzrə axtarış