2017-01-20

Qanlı Yanvar faciəsi Serbiyada anılıb

Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

20 Yanvar qırğınını əks etdirən fotosərgi ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 27 il əvvəl 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən danışaraq azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləboran edildiyini bildirib. Faciə zamanı 147- insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və yüzlərlə insanın həbs olunaraq təzyiqlərə məruz qaldığını deyən səfir, 20 Yanvar faciəsinin Azərbaycan xalqının imperiyaya qarşı azadlıq mübarizəsinin şərəf tarixi olduğunu vurğulayıb. O bildirib ki, bu faciə zamanı Azərbaycan xalqının göstərdiyi şücaət Sovet rejiminin və totalitarizminin dağılmasına zəmin yaradıb.

E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini və həmin hadisələrə müstəqil Azərbaycanda məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Tədbir iştirakçıları faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliklərini bildiriblər.

Arxiv üzrə axtarış