2016-05-28

Serbiyada Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Günü qeyd olunmuşdur

27 may 2015-ci il tarixində Serbiyanın paytaxtı  Belqrad şəhərindəki “Hyatt Regency” otelində Azərbaycan Respublikasının Milli Bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir. Tədbirdə Serbiya Respublikası Parlamentinin Sədri xanım Maya Qoykoviç, Serbiya Respublikasının müdafiə naziri Zoran Corceviç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların rəhbərləri, Serbiya Elm və İncəsənət Akademiyasının, Serbiya Yazıçılar İttifaqının, Serbiya Olimpiya Komitəsinin təmsilçiləri, Belqrad şəhər meriyasının rəhbərliyi, xristian, yəhudi və müsəlman din xadimləri, ictimai və qeyri-hökumət təşkilatlarının, Belqrad şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov 98 il bundan əvvəl, 28 may 1918-ci ildə tarixi “istiqlal bəyannamə”sinin qəbul edilməsi ilə Şərqdə, bütün müsəlman dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, onun tarixindən, təəssüf ki, iki ilədək ömür sürmüş bu dövlətin mövcudluğuna bolşeviklərin “11-ci Qırmızı Ordu”sunun işğalı nəticəsində son qoyulmasından bəhs edərək, tədbir iştirakçılarına Azərbaycan xalqının uzun illər apardığı milli azadlıq mübarizəsi və SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edildiyi barədə məlumat vermiş, bu günün Azərbaycanın dövlətçilik tarixində ən parlaq, unudulmaz və önəmli tarixi günlərdən biri olduğunu və indiki müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə müsəlman Şərqində ilk dünyəvi, hüquqi və demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının varisi olduğunu vurğulamışdır.

Səfir E.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən əzəli və əbədi Azərbaycan torpağı olan ərazilərimizin – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və bu münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə tədbir iştirakçılarına məlumat verərək, münaqişə ilə bağlı BMT TŞ-nin işğalı pisləyən və işğalçı qüvvələrin tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması haqqında qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini, Ermənistan tərəfinin eyni zamanda ATƏT, AŞ və digər nüfuzlu təşkilatların da münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlərə məhəl qoymadığını, lakin bütün bunlara baxmayaraq Azərbaycan dövlətinin münaqişənin beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri əsasında – ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına inandığını bildirmişdir.

Səfir E.Həsənov hazırda dünyada məskunlaşmış milyonlarla azərbaycanlıların tarixi vətəni olan Azərbaycanın bu il həmçinin dövlət müstəqilliyinin bərpasının 25 illiyini böyük qürur və sevinc hissi ilə qeyd etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizdə hər bir sahədə sürətli inkişafın müşahidə edildiyini, demokratik islahatlar, eləcə də irimiqyaslı enerji və nəqliyyat dəhlizi layihələrinin həyata keçirildiyini, Azərbaycanın müstəqil siyasət yürüdərək, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığını bildirmişdir.

Səfir E.Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il Azərbaycanda Multikultralizm İli elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, tarixi İpək Yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını, 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının müasir dövrdə Azərbaycanda həyata keçirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsi olduğunu, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu ilin aprel ayında Bakı şəhərində keçirilməsinin də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi olduğunu bildirmişdir.

Səfir E.Həsənov tədbir iştirakçılarına Azərbaycan-Serbiya əməkdaşlığının inkişafı barədə məlumat verərək, iki ölkənin liderləri də daxil olmaqla müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin Azərbaycanla Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz mühüm töhfəsini verdiyini bildirmiş, eyni zamanda Serbiya xalqını bu ilin 24 aprel tarixində keçirilmiş növbəti parlament seçkiləri münasibəti ilə təbrik edərək, Serbiyanın yeni parlamentinə və yeni hökumətinə uğurlar arzulamışdır.

Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən filmin, eləcə də Azərbaycan milli rəqslərinin canlı ifası ilə davam etmişdir.

Tədbirin keçirildiyi zalın foyesində “Gəncə - Avropa gənclərinin paytaxtı2016”layihəsi çərçivəsində Azərbaycanda səfərdə olmuş serbiyalı fotoqraf Emir Mafke Vrajalitsanın ölkəmizdə çəkdiyi fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur.

Tədbir iştirakçılarına həmçinin Azərbaycanla bağlı materiallar, o cümlədən Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş kitab və jurnallar, eləcə də səfirlik tərəfindən serb dilinə tərcümə edilmiş görkəmli Azərbaycan ədiblərinin əsərləri hədiyyə edilmişdir. 

Tədbir Serbiya KİV-də işıqlandırılmışdır.

Arxiv üzrə axtarış