2016-04-22

Belqradda keçirilmiş "Bahar bayramları" festivalında Novruz bayramı barədə məlumat verilmişdir

22 aprel 2016-cı il tarixində Belqrad şəhərində fəaliyyət göstərən “Sava Center” və “Guitar Art Festival Center”in təşkilatçılığı ilə “Sava Center” konqres mərkəzində “Bahar bayramları” adlı ikinci uşaq festivalı keçirilmişdir.
Tədbirə ilin bahar fəslində müxtəlif bayramları, o cümlədən Novruz, Pasxa, Nian (Çində qeyd olunan), Passover (yəhudilərin qeyd etdiyi), Holi (hinduların qeyd etdiyi), Hanami (yaponların qeyd etdiyi) və s. qeyd edən ölkələrin Serbiyada akkreditə olunmuş səfirlikləri və onların burada fəaliyyət göstərən mədəniyyət mərkəzləri cəlb edilmişlər.
Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşlarının ailə üzvlərinin təşkil etdiyi Azərbaycan guşəsində xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramı, səməni də daxil olmaqla onun atributları, eləcə də ölkəmizin tarixi və mədəniyyəti haqqında festivalda iştirak edən uşaqlara ətraflı məlumat verilmiş, onlara milli şirniyyatlarımız təqdim edilmiş, səfirliyimizin əməkdaşlarının uşaqlarının ifasında Azərbaycan rəqsləri nümayiş etdirilmiş və Azərbaycan mahnıları səsləndirilmişdir. 

 

Arxiv üzrə axtarış