2016-04-06

Azərbaycanın Serbiyadakı Səfirliyinin, Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının nümayəndələri Varvarin şəhərində olmuşlar

6 aprel 2016-cı il tarixində “Serbiya Avropa ritmində” layihəsinin təşkilatçılığı ilə Serbiyanın Varvarin şəhərinin rəhbərliyinin dəvəti əsasında səfirliyimizin müşaviri Azad Paşayev, eləcədə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçisi qeyd olunan şəhərdə səfərdə olmuşlar. Varvarin şəhər Meriyasında keçirilən görüşdə son illər Azərbaycanla Serbiya arasında əməkdaşlığın sürətli inkişafından məmnunluq ifadə edilmişdir.

Varvarin şəhərinin meri Zoran Milenkoviç Qərbi və Cənubi Morava çaylarının Böyük Morava çayı ilə qovuşduğu yerdə yerləşən bu şəhərin tarixi, iqtisadi potensialı, investisiya imkanları və mədəni irsi barədə məlumat vermişdir. O, “Serbiya Avropa ritmində” layihəsi çərçivəsində varvarinli məktəblilərin dost Azərbaycana aid mahnı ifa edəcəklərini məmnunluqla vurğulayaraq, bunun gələcəkdə Varvarin ilə Azərbaycanın müxtəlif bölgələri arasında daha sıx mədəni və iqtisadi əlaqələrə çevriləcəyinə ümid etdiklərini bildirmişdir.  

Səmimi və isti qəbula görə serbiyalı həmsöhbətlərə minnətdarlıq ifadə edilərək, ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi layihələr, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixi, müasir sosial-iqtisadi inkişafı, demokratiya, hüquq və iqtisadi sahələrdə həyata keçirilən islahatlar, tarixi kökləri olan nümunəvi tolerantlıq mühiti və ölkə Prezidentinin müvafiq sərəncamı ilə cari ilin Azərbaycanda Multikultralizm İli elan edildiyi, Şərqlə Qərb, eləcə də Şimal ilə Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli tədbirlər, enerji və nəqliyyat layihələri barədə məlumat verilmişdir.                          
Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminin pozulması ilə əlaqədar serbiyalı həmsöhbətlərə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəb və nəticələri, eləcə də ədalətli həlli barədə ətraflı məlumat verilmiş, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi, 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildikləri, Azərbaycan tərəfinin Ermənistanın bu ilin 1 aprel tarixindən başlayaraq mülki əhali və obyektləri hədəf alan təxribatlarına cavab olaraq atəş nöqtələrinin susdurulması məqsədi ilə əks-həmlə edilməsi haqqında qərar qəbul etdiyi, bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mülki əhali üçün təhlükə yaradan bir neçə strateji yüksəklik və yaşayış məntəqəsini işğalçı qüvvələrdən azad etdiyi, Azərbaycan ordusunun bu addımı konstitusion borcunu yerinə yetirmək çərçivəsində atdığı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində hərəkət etdiyi, Ermənistan tərəfinin ilk dəfə deyil ki, təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsində mülki əhalinin məskunlaşması faktından hərbi məqsədlər üçün yararlanmağa cəhd etdiyi, lakin bu dəfə Ermənistan tərəfinin Azərbaycan ordusunun cəza tədbiri ilə üzləşməli olduğu bildirilmiş, bu münaqişənin sülh yolu ilə beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyi qeyd edilmişdir.  
   
“Serbiya Avropa ritmində” layihəsinin icraçı direktoru İqor Karadareviç bu ilin yayında Çupriya şəhərində (bu şəhərin məktəbliləri ötən il qeyd olunan layihədə qalib gəlmişdilər) Avropa İttifaqının üzvü, eləcə də Serbiyanın dostu olan digər ölkələrin (ümumilikdə 20 ölkə) səfirlikləri ilə əməkdaşlığın qurulduğu Serbiya şəhərlərinin məktəblilərinin final konsertinin keçiriləcəyini bildirmiş və həmin konsertdə Polad Bülbüloğulunun repertuarından “Şən Azərbaycan” mahnısını ifa edəcək Varvarin məktəblilərinə uğurlar arzulamışdır.

 

Arxiv üzrə axtarış