2015-04-23

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi tərəfindən də qeyd edilmişdir

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi Rusiya Federasiyası və Belarus Respublikasının Serbiya Respublikasındakı səfirlikləri ilə birgə aşağıdakı silsilə tədbirlər təşkil etmişdir:

  • 18-23 aprel 2015-ci il tarixlərində Belqrad şəhərində fəaliyyət göstərən Rus Evində “Sülh və həmrəylik naminə” devizi altında keçirilmiş hərbi filmlər həftəsində “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova həsr olunmuş “Sizi dünyalar qədər sevirdim” bədii filmi və “Salnamə” sənədli filmlər studiyasının istehsal etdiyi Belqrad şəhərinin azad olunmasında bilavasitə iştirak etmiş, əsasən azərbaycanlılardan təşkil olunmuş Qırmızı bayraqlı 223-cü Belqrad diviziyasına həsr olunmuş “Xəzərdən Dunaya” sənədli filmi nümayiş olunmuşdur;
  • 7 may 2015-ci il tarixində Rusiya Səfiliyində Azərbaycan, Rusiya və Belarus səfirliklərinin birgə təşkilatçılığı ilə rəsmi qəbul keçirilmişdir. Rəsmi qəbulun keçirildiyi salonda hər üç ölkənin Böyük Vətən Müharibəsi illərində qələbənin təmin olunaması istiqamətində həm arxa, həm də ön cəbhədə rolunu əks etdirən ayrıca fotostendlər quraşdırılmış, hər üç ölkənin milli mətbəxinə məxsus olan təam, şirniyyatlar və müxtəlif içkilər qonaqlara təqdim edilmiş, eyni zamanda 223-cü diviziyanın komandiri olmuş Baxış Mehdiyevin səfirliyimiz tərəfindən serb dilinə tərcümə olunaraq nəşr edilmiş “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası” adlı kitabı nümayiş etdirilmişdir. Tədbirdə Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliç iştirak etmişdir;
  • 9 may 2015-ci il tarixində 1944-cü ildə Serbiyanın Belqrad və Zayeçar şəhərlərinin faşizmdən azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş Qırmızı Ordu əsgərlərinin xatirəsinə Belqrad və Zayeçar şəhərlərindəki qardaşlıq məzarlıqlarında ucaldılmış abidələrin, həmçinin təyyarə qəzası nəticəsində Avala dağında həlak olmuş sovet hərbçilərinin xatirə abidəsinin önünə əklilqoyma mərasimlərində iştirak edilmişdir;
  • 9 may 2015-ci il tarixində Belqrad şəhərinin mərkəzindəki “Respublika Meydanı”nda quraşdırılmış nəhəng ekran vasitəsi ilə Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar Moskva şəhərində keçirilmiş hərbi parad canlı yayımda nümayiş etdirilmişdir. Parad nümayiş etdirildikdən sonra Rusiya Federasiyasının Serbiya Respublikasındakı səfiri Aleksandr Çepurin, Belarus Respublikasının Serbiya Respublikasındakı səfiri Vladimir Çuşev və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin müşaviri çıxış edərək bu ölkələrin faşizm üzərində qələbənin əldə edilməsində göstərdikləri şücaətlərdən bəhs etmişlər;
  • 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar qələbənin əldə olunmasında Azərbaycan övladlarının ön və arxa cəbhələrdə göstərdikləri qəhrəmanlıqlar, eləcə də qələbənin təmin edilməsində Bakı neftinin rolu barədə səfirlik tərəfindən ətraflı pres-reliz hazırlanaraq Serbiyanın dövlət və hökumət orqanlarına, ölkədə akreditə olunmuş diplomatik nümayəndəliklərə və KİV-ə göndərilmişdir.

Arxiv üzrə axtarış