2015-06-23

Belqradda Bəxtiyar Vahabzadə küçəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə müvafiq Sərəncamı əldə rəhbər tutularaq, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burada yaşayan həmvətənlərimizin təşəbbüsü əsasında böyük şairimizin dost və strateji tərəfdaş Serbiyada yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər Meriyasına müraciət etmişdir. Bununla əlaqədar, Belqrad şəhərinin Meriyası və Parlamenti, 23 iyun 2015-ci il tarixli iclasında, Tsrnotravske-dən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək davam edən küçəyə – Bəxtiyar Vahabzadə küçəsi – adının verilməsi haqqında Qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, bu küçə səfirliyimizin binasına yaxın yerdə və şəhərin görkəmli hissəsində yerləşir. Səfirliyimiz tərəfindən Belqrad şəhər Meriyasına edilən bu müraciətə müsbət cavabın verilməsi heç şübhəsiz Azərbaycanın apardığı məqsədyönlü xarici siyasətin əməli nəticəsinin, beynəlxalq aləmdə, o cümlədən Qərbi Balkanlar və Serbiyada davamlı artan nüfuzunun, eləcə də dost və strateji tərəfdaş Serbiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin növbəti bariz nümunəsidir. Azərbaycan xalqının ləyaqətli oğlu, vətənpərvər ziyalımız, böyük şair Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ərəfəsində onun xatirəsinə bir diqqət, ruhuna hörmət və ehtiram kimi qəbul oluna biləcək bu hadisənin ümumilikdə doğma Vətənimizin zəngin ədəbi irsinin beynəlxalq aləmdə, o cümlədən Qərbi Balkanların aparıcı ölkələrindən biri olan Serbiyada yaxından tanınmasına, eyni zamanda Azərbaycan-Serbiya əməkdaşlığının dərinləşməsinə töhfə verəcəyini əminliklə qeyd etmək olar.

Arxiv üzrə axtarış