2015-09-28

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib

28 sentyabr 2015-ci il tarixində Bakıda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilmişdir.

Azərbaycan tərəfi iclasda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev rəhbərlik və müvafiq hökumət qurumlarının yüksək vəzifəli rəsmilərindən ibarət heyətlə, Serbiya tərəfini isə Serbiya Respublikası Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Ljajicin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

İclasda çıxış edən Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini qeyd etmiş, ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin bu əlaqələrin müxtəlif istiqamətlər üzrə genişlənməsinə əhəmiyyətli töhfə verdiyini bildirmiş, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalandığını vurğulamışdır. Ölkələrimizin bir-birinin ərazi bütövlüyü və sərhədlərinin toxunalmazlığına verdiyi dəstəyi qeyd edən Şahin Mustafayev Hökumətlərarası Komissiyanın cari iclasının nəticələrinə dair Protokolda Azərbaycanın işğal olunmuş ərazisində hər hansı iqtisadi fəaliyyətin yolverilməzliyinin və bu ərazilərdə istehsal olunan məhsul və xidmətlərin Serbiya ərazisinə idxal-ixracına və satışına icazə verilməyəcəyinin əks olunduğunu bildirmişdir.

Ölkələrimiz arasında ticarət əlaqələrinin 2015-ci ildə artdığını bildirən nazir bu istiqamətdə potensialın çox böyük olduğunu və bu gün Serbiya və Azərbaycan şirkətlərinin iştirakı ilə keçirilən işgüzar görüşün ticarət dövriyyəsinin artmasına, investisiya əməkdaşlığının genişlənməsinə töhfə verəcəyini qeyd etmişdir.

Nazir, Azərbaycan hökumətinin kredit vəsaitləri hesabına Serbiyada böyük uğurla həyata keçirilən nəqliyyat infrastrukturu layihəsini qeyd etmiş və Azərbaycan şirkətlərinin Serbiyada bir sıra şirkətlərin özəlləşdirməsinə maraq göstərdiklərini vurğulamışdır.

Serbiya Baş nazirinin müavini,ticarət, turizm və telekommunikasiya naziri, Hökumətlərarası Komissiyanın həmsədri Rasim Lyayiç çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini qeyd etmişdir. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq Kosovo məsələsi ilə əlaqədar Azərbaycan dövlətinin mövqeyinə görə təşəkkürünü ifadə etmişdir. R.Lyayiç Azərbaycan şirkətinin Serbiyada infrastruktur sahəsində uğurlu fəaliyyətini qeyd edrək, ölkəmizin digər şirkətlərini də Serbiyada həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir. Serbiyalı nazir energetika, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələrində əməkdaşlıq imkanlarını da vurğulamışdır.

İclasda komissiya üzvləri müzakirə olunan məsələlərə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmışlar.

Sonda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunu olaraq Protokol imzalamışlar. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Serbiya Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç imzalamışlar. Sənəddə ticarət, investisiya, maliyyə, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, İKT, səhiyyə, gənclər, idman və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Arxiv üzrə axtarış