2015-12-12

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anma mərasimi keçirilmişdir

12 dekabr 2015-ci il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anma mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları ilə yanaşı Serbiya Parlamentinin üzvləri, dövlət rəsmiləri, Belqrad şəhər meriyasının təmsilçiləri, Azərbaycanın dostu olan Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada fəaliyyət göstərən ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, eləcə də burada işləyən və təhsil alan azərbaycanlılar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş və ulu öndərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Həsənov Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin xilas olunmasında, möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs etmişdir. O, ölkəmizdə Azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz ulu öndər tərəfindən qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirmişdir.

Arxiv üzrə axtarış