İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımış, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur. 

2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasinda Səfirliyi təsis edilmişdir. Serbiya Azərbaycanda iqamətgahı Türkiyədə olan Səfirliyi vasitəsilə təmsil olunurdu.

2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.

3 may 2021-ci il tarixində Serbiya Respublikasının səfiri Draqan Vladisavlyeviç etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

25 avqust 2021-ci ildə Azərbaycan Respublikasının səfiri Kamil Xasiyev etimadnaməsini Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiçə təqdim etmişdir.

Hökumətlərarası Komissiya

2011-ci ilin iyun ayında yaradılmış Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın indiyədək altı iclası keçirilmişdir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Serbiya tərəfindən həmsədri isə xarici işlər naziri Nikola Selakoviçdir. Hökumətlərarası Komissiyanın altıncı iclası 2021-ci ilin 25-27 iyul  tarixlərində Bakıda keçirilmişdir.

Parlamentlərarası münasibətlər

Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupu mövcuddur.

Azərbaycan ilə Serbiya arasında sahələr üzrə əlaqələrə dair məlumat

Siyasi sahədə:

Azərbaycanla Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin 7-9 fevral 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmışdır. 

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin 2018-ci ilin 21-22 may tarixlərində Azərbaycana həyata keçirilmiş rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı imzalanmışdır.

Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin  suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. 2013-cü ilin fevral ayında “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə dair qətnamə” layihəsi Serbiya Parlamentinin gündəliyinə salınmışdır.

İkitərəfli dostluq və əməkdaşlıq münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli platformalarda da öz əksini tapır. Buna misal olaraq, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqelərinə göstərilən qarşılıqlı dəstəkləri sadalamaq olar.  

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan və Serbiyanın birgə təşkilatçılığı ilə 2021-ci ilin 10-11 oktyabr tarixlərində Belqrad şəhərində Qoşulmama Hərəkatı təşkilatının 60 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbiri təşkil olundu. Ümumilikdə 120-yə yaxın ölkə və beynəlxalq təşkilatların yüksək rütbəli nümayəndələrinin iştirak etdiyi bu geniş miqyaslı tədbirin uğurla həyata keçirilməsi Azərbaycan və Serbiyanın birgə əməkdaşlığının bariz nümunəsidir.

Siyasi sahədə imzalanmış əsas saziş və müqavilələr:

  1. Azərbaycan Respublikası Prezidentinin və Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Bakı, 13 may 2010-cu il.
  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 13 may 2010-cu il.
  3. Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə. Bakı, 8 fevral 2013-cü il.
  4. Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı. 12 oktyabr 2018-ci il.
  5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu. Belqrad, 11 oktyabr 2021.

İqtisadi sahədə:

7 iyun 2011-ci ildən etibarən Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Komissiyanın indiyədək keçirilmiş 6 iclası çərçivəsində Biznes Forumlar da təşkil olunmuşdur. İkitərəfli ticarət dövriyyəsinin daha da artırılması istiqamətində bir sıra tədbirlər planı həyata keçirilir. Bunlardan biri də, 2021-ci ilin oktyabr ayında ikitərəfli qaydada viza rejiminin ləğv olunmasına dair Sazişin imzalanmasıdır. Bu addım turizmin inkişafı ilə yanaşı, fiziki və hüquqi şəxslərin birbaşa ünsiyyəti və biznes səfərlərinə yol açmaqla ikitərəfli əlaqələrin inkişaf tempinə təkan verəcək. 

Serbiyada 2010-cu ildə Serbiya-Azərbaycan Ticarət Palatası təsis edilmişdir.

2013-cü ilin martından etibarən Azərbaycanın “AzVirt” şirkəti Serbiyada yol-infrastruktur layihələrinin tikintisi ilə məşğul olur. “11-ci dəhliz” avtomobil yolunun Lyiq-Prelyina hissəsi, bir sıra körpü və yol ötürücülərinin tikintisi artıq başa çatmışdır.

2022-ci ilin 14 fevral tarixində Azərbaycanın “AzVirt” şirkəti tərəfindən Serbiyada tikintisi həyata keçirilən Macvanski-Sabaç-Loznisa avtomobil yolunun tikinti işlərinin ikinci hissəsinə (Sabaç-Loznisa) başlaması ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Serbiyanın Tikinti, Nəqliyyat və İnfrastruktur naziri Tomislav Momiroviç, “Serbiya Dəhlizləri” dövlət şirkətinin direktoru Aleksandr Antiç, “Serbiya Yolları” dövlət şirkətinin direktoru Zoran Drobnyak, Azərbaycanın Serbiyadakı Səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin icraçı direktoru Murat Türkoğlu, iştirak etmişdirlər.

Mərasimdə ilk olaraq çıxış edən səfir Kamil Xasiyev qeyd etdi ki, Serbiyanın iqtisadiyyatı “COVİD-19” pandemiyası və sair bu kimi qlobal çətinliklərə baxmayaraq, hər il inkişaf edir və bu inkişaf prosesinə Azərbaycanın “AzVirt” kimi şirkətlərinin də töhfə verdiyini  görmək məmnunluq doğurur.

Prezident A.Vuçiç çıxış edərək, Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişaf etməsindən məmnunluğunu ifadə etdi. Azərbaycan şirkəti  “AzVirt”in Serbiyanın mənafeyinə uyğun olaraq, işləri keyfiyyətli və zamanında həyata keçirdiyini vurğulayan Prezident A.Vuçiç, tikinti işlərinin 2024-cü ilin sentyabr ayında yekunlaşacağını qeyd etdi.

İqtisadi sahədə imzalanmış əsas saziş və müqavilələr:

  1. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 13 may 2010-cu il.
  2. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya. Bakı, 13 may 2010-cu il.
  3. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Belqrad, 8 iyun 2011-ci il.         
  4. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş. Bakı, 25 yanvar 2012-ci il.
  5. Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş. 12 oktyabr 2018-ci il.
  6. “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Saziş. 12 oktyabr 2018-ci il.

Humanitar və mədəniyyət sahələrində əməkdaşlıq:

Digər sahələrdə olduğu kimi, humanitar və mədəniyyət sahələri üzrə də ikitərəfli əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. İndiyədək qarşılıqlı əsasda həyata keçirilmiş lahiyələrdən ən yaddaqalanlarını aşağıdakı kimi sadalamaq olar;  

2010-cu ilin iyun ayında Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır.

2011-ci ildə Azərbaycan Hökumətinin dəstəyi ilə Belqraddakı “Taşmaydan parkı” yenidən qurulmuş və abadlaşdırılmışdır. Parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılmışdır.

2011-ci ildə Azərbaycan Hökumətinin dəstəyi ilə Serbiyanın Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyan, Azərbaycan və Serbiya xalqları arasında dostluq rəmzi olan “Üzeyir Hacıbəyli Memorialı” yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi göstərişi və Azərbaycan Hökumətinin dəstəyi ilə 2011-2012-ci illərdə Belqraddakı “Bayraklı Cami” məscidinin təmiri və bərpası, Novi Sad şəhərində “Müqəddəs Petka” kilsəsinin tikintisi və təmiri, həmçinin Novi Pazar şəhərində Mədəniyyət Mərkəzinin təmiri həyata keçirilmişdir.

Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi töhfələrə və Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı təqdim edilmişdir.

7-9 fevral 2013-cü ildə Serbiya Respublikasının Prezidenti Tomislav Nikoloçin Azərbaycana rəsmi səfəri zamanı Bakıda görkəmli serb alimi, fizik Nikola Teslanın abidəsinin rəsmi açılışı olmuşdur.     

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə Serbiya Universitetləri Tələbə Konfransı (SKONUS) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən bir həftə tələbə mübadiləsi proqramı çərçivəsində beş azərbaycanlı tələbə 2-9 sentyabr 2013-cü il tarixlərində Serbiyada, beş serbiyalı tələbə isə 10-16 sentyabr 2013-cü il tarixlərində Azərbaycanda səfərdə olmuşlar.

19 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə Serbiyada baş vermiş sel və daşqınların törətdiyi təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi təyyarə reysi ilə gətirilən 400 000 avro dəyərində humanitar yardım Belqrad hava limanında Serbiyanın aidiyyəti qurumlarına təhvil verilmişdir.

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi, Serbiya-Azərbaycan Ticarət Palatası və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Serbiyanın Loznitsa şəhərində may ayında baş vermiş sel fəlakətdən əziyyət çəkən insanlara humanitar yardım göstərilmişdir.

20 oktyabr 2014-cü il tarixində Belqrad şəhərinin faşist işğalından azad olunmasının 70 illiyi ilə əlaqədar Serbiyanın RTS kanalında (Serbiya Dövlət Yayım Korporasiyası) nümayiş etdirilmiş sənədli filmdə, 90% azərbaycanlılardan təşkil olunmuş “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası”nın döyüşçüsü olmuş, müharibə veteranı Zülfəli Əliyevdən, eləcə də qeyd olunan diviziya haqqında xüsusi məlumat verilmişdir.

Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin 26 mart 2015-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə Serbiya Respublikası qarşısında ictimai, mədəniyyət və humanitar fəaliyyət sahəsində xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten Ordeni” ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi barədə müvafiq Sərəncamı əldə rəhbər tutularaq, böyük şairimizin dost və strateji tərəfdaş Serbiyada yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər Meriyasına müraciət etmişdir. Bununla əlaqədar, Belqrad şəhərinin Meriyası və Parlamenti, 23 iyun 2015-ci il tarixli iclasında, Tsrnotravske-dən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək davam edən küçəyə - Bəxtiyar Vahabzadə küçəsi - adının verilməsi haqqında Qərar qəbul etmişdir.

19 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Hökuməti adından COVİD-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Serbiya Respublikasına bir təyyarə humanitar yardım göndərilmişdir. 

17 noyabr 2021-ci il tarixində Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Muzeyin Atrium zalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. “Mədəniyyətlərin dialoqu. Nizami Gəncəvinin 880 illiyi” adlı ədəbi-bədii gecədə qüdrətli söz ustadının qəzəlləri Azərbaycan dilində və ilk dəfə serb dilində səsləndirilmişdir.

14 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvini oxuyaraq” adlı kitab-albomunun təqdimatı keçirilmişdir.

25 fevral 2022-ci il tarixində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Belqradın “Milli Muzey”ində dünya və Azərbaycan klassik musiqilərindən ibarət anım konserti təşkil olunmuşdur.

Humanitar sahədə imzalanmış əsas saziş və müqavilələr:

  1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Serbiya Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011;
  2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Serbiya Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011;
  3. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Belqrad, 8 iyun 2011.

Müqavilə-hüquq bazası

Serbiya ilə müxtəlif sahələrdə 44 sənəd imzalanmışdır. 

 

09.03.2022 tarixində yenilənmişdir

 

Arxiv üzrə axtarış