2018-10-05
Azərbaycanın Serbiya Respublikasındakı səfirliyi ilə sıx əlaqələri ilə tanınan Serbiyanın Neqotina şəhərinin Branko Radiçeviç adına ilkin təhsil məktəbinin müəllim və şagirdləri ilə Belqrad şəhərində növbəti görüş keçirilmişdir

5 oktyabr, 2018-ci il tarixində Serbiyanın paytaxtı Belqraddan 300 km aralıda yerləşən Neqotin şəhərinin Branko Radiçeviç adına məktəbinin 4-cü sinif şagirdləri Azərbaycan haqqında biliklərini artırmaq məqsədilə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin qonağı olmuşlar.
Səfirliyin müşaviri Mahir Cəfərov məktəbin idarə heyəti və şagirdlər qarşısında çıxış edərək Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşdığını, bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələri yüksək templə inkişafından bəhs etmişdir. Humanitar əlaqələrin inkişafında Branko Radiçeviç adına məktəbin də payı olduğunu vurğulayan M.Cəfərov, məktəbin Azərbaycanın tarixi və mədəniyyətin Serbiyada təbliğ etdiklərinə görə öz təşəkkürlərini çatdırmış və bunun çox yüksək qiymətləndirildiyini vurğulamışdır.
Şagirdlər diplomatlarımız qarşısında Azərbaycanla bağlı biliklərini nümayiş etdirmiş və ölkəmiz barəsində müxtəlif suallar vermişlər. Səfirliyin əməkdaşları şagirdlərin suallarını cavablandıraraq Azərbaycanın tarixi, coğrafi mövqeyi, mədəni adət-ənənələri və dövlət bayrağı barədə maraqlı məlumatlar vermişlər. Əyani vəsait kimi Azərbaycan haqqında film nümayiş etdirilmişdir.
Daha sonra müəllim heyəti və şagirdlərə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Serbiyanın Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi haqqında məlumat verilmiş və onların həyata keçirdiyi mədəni və humanitar layihələr diqqətə çatdırılmışdır. 
Qeyd edilməlidir ki, sözügedən şagirdlər 2017-ci ildə Uşaq Kreativ Mərkəzi tərəfindən keçirilən “Dostluğun sehri” adlı ikinci beynəlxalq uşaq rəsm müsabiqəsində iştirak edərək öz rəsm əsərlərini müsabiqəyə təqdim etmiş və eyni ildə Səfirliyin dəstəyi ilə sinifdə bir həftə ərzində Azərbaycan haqqında dərslər keçirilmişdir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzin fəaliyyət göstərdiyi xüsusi diqqətə çatdırılmışdır.
Branko Radiçeviç adına məktəbinin direktoru Draqan Djukiç Azərbaycan Səfirliyinin uşaqlara göstərdiyi diqqətə görə hədsiz məmnun olduğunu və hər zaman səfirliyin dəstəyini hiss etdiyini bildirmişdir. O, fürsətdən istifadə edərək bu gün Azərbaycanda müəllimlər gününün qeyd edilməsi münasibətilə öz təbriklərinin Azərbaycanlı həmkarlarına çatdırılmasını xahiş etmişdir.
Səfirlik tərəfindən məktəbə və şagirdlərə diplom, hədiyyələr, milli suvenirlər, Azərbaycan ədiblərinin Səfirliyimiz tərəfindən serb dilinə tərcümə edilmiş əsərləri təqdim edilib.
Daha sonra məktəbin idarə heyəti və şagirdlər Belqradda fəaliyyət göstərən Vladimir Roloviça adına məktəbi ziyarət etmiş və orada təhsil alan şagirdlərə ötən il öz məktəblərində Azərbaycan haqqında keçirilən dərslərin təqdimatını etmişlər.

IMG_3068 - Copy - Copy 

IMG_3075 - Copy

IMG_3080

w2